“Azərbaycan güləşçiləri ilə birlikdə məşq etmək böyük təcrübədir”
İyulun 25-dən 27-dək ümummilli lider Heydər Əliyevin xatirəsinə güləş üzrə “Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsi keçiriləcək. İdman.com.az saytı xəbər verir ki, yarışda iştirak edəcək Serbiya millisi də hazırlıqlarını Bakıda, güləşçilərimizlə birlikdə davam etdirir. Komandanın məşqçisi Stoyan Dobrev burada yaradılan şəraitə görə Azərbaycan Güləş Federasiyasına təşəkkürünü bildirib:

“Hər şey əladır. Burada özümüzü evdəki kimi hiss edirik. Son vaxtlar ölkənizdə güləşin inkişafı göz qabağındadır. Pəhləvanlarınız bütün turnirlərdə favorit qismində göstərilir. Bizim üçün Azərbaycan güləşçiləriylə birlikdə məşq etmək böyük təcrübədir. Yeri gəlmişkən, 3 il bundan əvvəl də paytaxtınızda olmuşdum. Bakı çox gözəlləşib. Deyərdim ki, indiyə qədər bu qədər gözəl şəhərdə olmamışdım”.

Qeyd edək ki, iyulun 25-dən 27-dək keçiriləcək ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsində dünyanın 40-a yaxın ölkəsindən 400-dək idmançının iştirakı gözlənilir.

Xəbər 909 dəfə oxundu.