İsveçrə və Fransada uğurlu nəticə
İsveçrədə velosiped idmanının şose növü üzrə U-23 yaş kateqoriyası və gənclər arasında Avropa çempionatı, Fransada isə trek növü üzrə birinci kateqoriyalı “Fenioux Piste International” və “Fenioux Trophy Piste” yarışları başa çatıb. Hər 2 turnir Azərbaycan idmançılarının uğurlu çıxışı ilə əlamətdar olub.

Avropa çempionatı Azərbaycan velosipedi üçün tarixi nailiyyətlə yadda qalıb. Belə ki, gənc velosipedçimiz Elgün Əlizadə 41 ölkənin iştirakı ilə keçirilən qitə çempionatında 130 km məsafəyə qrup ötüşməsində çempion olmuş İtaliya idmançısına 9 saniyə uduzmaqla 12-ci yeri tutub və müstəqillik dönəmində Azərbaycan velosipedinin ən yüksək nailiyyətinə imza atıb. Qeyd edək ki, yürüşdə ümumilikdə 190 velosipedçi iştirak edib.

Avropa çempionatına U-23 yaş kateqoriyasında çıxış edən velosipedçilərin 173 km məsafəyə qrup ötüşməsi ilə yekun vurulub. Qeyd edək ki, bu yaş qrupunda ölkəmizi “Synergy Baku” kontinental komandasının 2 üzvü - Tural İsgəndərov və Samir Cəbrayılov təmsil edib. Fərdi ötüşmələrdə 32-ci nəticə göstərən Tural təəssüf ki, qrup ötüşməsində qəzadan qaça bilməyib. Samir isə 160 velosipedçi arasında 38-ci olub.

Trek növü üzrə Azərbaycan yığma komandası da uğurlu çıxışlarını davam etdirir. Fransada keçirilən birinci kateqoriyalı “Fenioux Piste İnternational” kubokunda yığma komandamızın üzvü Olqa İsmayılova sprint yarışlarında turniri ikinci pillədə başa vurub. “Fenioux Trophy Piste” kubokunda da uğurla çıxış edən Olqa 500 metr məsafəyə sprint yarışında daha 1 gümüş medal əldə edib.

Bu dəfə həmçinin digər velosipedçimiz Yelena Pavluxina da fəxri kürsüyə qalxmağı bacarıb. O 10.000 metr məsafəyə skretçdə mübarizə aparıb və yekunda 3-cü nəticə göstərib.

Xəbər 1018 dəfə oxundu.