Yeniyetmə hokkeyçilərimiz AÇ-da ikinci yeri tutdu
Bu gün Litva Respublikasının paytaxtı Vilnüs şəhərində 16 yaşadək oğlan otüstü hokkey komandaları arasında keçirilən Avropa çempionatına yekun vuruldu. Xəbər verdiyimiz kimi, qitə birinciliyində Azərbaycan yığması ilkin qrup mərhələsində Cəbəllütariq hokkeyçilərinə 3:2, ermənilərə isə 4:1 hesabı ilə qalib gələrək 100 faizli nəticə ilə birinci yeri tutdu. Həmyerlilərimiz qrup qalibi olmaqla növbəti mövsümdə qitənin ən güclüləri ilə birgə mübarizə aparmaq hüququ qazandı. Yarışın reqlamentinə görə qrup qalibləri bu gün finalda, 2-ci və 3-cü yerləri tutanlar isə "çarpaz" üsulla növbəti yerlərin sahiblərini müəyyənləşdiməli idilər.

İyulun 13-də ilk olaraq A qrupunda III nəticə göstərən Litva və "B" qrupunda II yeri tutan Cəbəllütariq hokkeyçiləri qarşılaşıb. Həmin oyunda meydan sahibləri 0:2 hesabı ilə məğlub olublar."A" qrupunun 2-cisi Bolqarıstan idmançıları dünən Azərbaycan komandası ilə xeyli əmək sərf edən ermənilərə heçbir şans verməyərək 13:0 hesablı qələbə qazanıblar.

Turnirin sonuncu matçı Azərbaycan və İsveçrə hokkeyçiləri arasında baş tutub. Oyunun ilk dəqiqələrindən təşəbbüsə sahib olan hokkeyçilərimiz 2 dəfə hesabı açmaq üçün real şansı əldən verdilər. Hər 2 halda Sərkan Sağdiç "təkbətək" vəziyyətləri dəyərləndirə bilməyib. "Vurmayana vurarlar" prinsipi bu dəfə də özünü doğruldub. 10-cu dəqiqədə İsveçrə hokkeyçiləri hesabı açdılar. 31-ci dəqiqədə Elxan Hüseynzadə cavab qolu vursa da 1 dəqiqədən sonra rəqiblər hakimlərin köməyi ilə penalti zərbəsi ilə yenidən hesabda irəli çıxdılar. Komandalar fasiləyə elə 2:1 hesabı ilə yollandılar. İkinci hissənin əvvvəllərində-41-ci dəqiqədə isveçrəlilər 3-cü topu da vurmağa müvəffəq oldular. Ancaq hokkeyçilərimizin ruh yüksəkliyi ilə oynaması 42-ci dəqiqədə Fuad Əsgərovun hesab arasındakı fərqi minimuma endirməyə şərait yaratdı. Bu azmış kimi, 49-cu dəqiqədə komandamızın kapitanı Kamran Əliyevin vurduğu qol hesabda tarazlıq yaratdı. Bundan sonra isveçrəlilər Polşa və litvalı hakimlərin köməyi ilə hesabda 2 top fərqlə irəli çıxdılar. 57 ci dəqiqədə idmançılarımız Zabil Ağayevin vurduğu qolla hesab arasındakı fərqi yenidən minimuma endirə bildilər. Bundan sonra komandamızın üzvləriinin qələbə əzmi deyəsən tükəndi. Daha dəqiq desək, hakimlər uşaqlarımızı ruhdan saldılar. Qalan vaxt ərzində dünənki gündə istirahət edən İsveçrə hokkeyçiləri daha 3 cavabsız qol vuraraq 8:4 hesablı qələbə qazandılar.

Beləliklə, iyulun 10-da start götürən qitə birinciliyi bu gün başa çatdı. İsveçrəlilər baş mükafata, Azərbaycan yığması ikinci, Bolqarıstan komandası isə III yerə layiq görüldülər. Mükafatçılara Kubok və medallar təqdim edildi. Sevindiricidir ki, komandamızın yarımmüdafiəçisi Mehman Nuriyev turnirin "Ən yaxşı oyunçusu" adına layiq görüldü.

Xəbər 2558 dəfə oxundu.