Xüsusi olimpiyaçılar basketbol və futbol yarışlarında

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Azərbaycan Xüsusi Olimpiya Komitəsinin “Basketbol həftəsi” turniri kecirilib.
İdman.com.az saytı xəbər verir ki, yarışlarda Bakı-Abşeron və Sumqayıt şəhərinin xüsusi yardımçı internat və məktəblərindən 15-ə yaxın komanda iştirak edib. Yekun nəticələrə görə, oğlanlar arasında birinci divizionda Xəzər rayonu 4 saylı yardımçı internat məktəbinin, qızlar arasında isə həmin rayonun E.Mirzəyev adına nitqi qüsurlu uşaqlar üçün respublika xüsusi internat məktəbinin komandaları I yeri tutublar. “Basketbol həftəsi” yarışları Avropa-Avrasiya Special Olimpics (Xüsusi Olimpiya) Avropa Basketbol Federasiyasının təşəbbüsü ilə 2002-ci ildən etibarən ənənəvi olaraq hər il noyabr ayının son həftəsi Avropanın bütün ölkələrində, o cümlədən Azərbaycanda da kecirilir.
Xüsusi oimpiyaçılar daha bir yarışda qüvvələrini sınayıblar. Xüsusi Olimpiya Komitəsinin “İnter” Peşəkar İdman Klubu ilə birgə keçirdiyi 3 dekabr - Beynəlxalq Əlillər Gününə həsr olunmuş futbol turnirində Bakı-Abşerondan 15-ə yaxın komanda iştirak edib. 3 divizionda keçirilən oyunlarda qızlar arasında Xəzər rayonu 12 saylı xüsusi internat məktəbinin, oğlanlar arasında (I divizion) Nəsimi rayonu 11 saylı xüsusi təhsil məktəbinin və (I I divizion) Xəzər rayonu 4 saylı yardımçı internat məktəbinin komandaları I yerə layiq görülüblər.
Turnirlər 2012-ci ildə Avropa Komitəsi tərəfindən keçiriləcək beynəlxalq yarışlara seçmə xarakter daşıyır və hazırlıq mərhələlərindən biridir.

Xəbər 1446 dəfə oxundu.