"Qızıl qran-pri" beynəlxalq turniri yaxınlaşır
25-27 iyulda Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə güləş üzrə “Qızıl qran-pri” beynəlxalq turnirinin final mərhələsi baş tutacaq.

Sayca 7-ci dəfə keçiriləcək yarışda dünyanın 40-a yaxın ölkəsindən 400-ə qədər idmançının iştirakı gözlənilir.

Azərbaycan Güləş Federasiyası yarışın hazırlıqlarını davam etdirir. Təşkilat Komitəsinin üzvləri müəyyənləşib və Tədbirlər Planına uyğun olaraq işlərin icrasına start verilib.

“Sərhədçi” İdman Olimpiya Mərkəzində keçiriləcək turnir 3 gün davam edəcək və “İdman Azərbaycan” kanalı vasitəsilə canlı yayımlanacaq.

Proqrama əsasən, yarışların ilk günündə sərbəst güləşçilər mübarizə aparacaq. İyulun 26-da qadın, 27-də isə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək.

Xəbər 767 dəfə oxundu.