Yeniyetmə qızlardan ibarət millimiz Şamaxıda
Yeniyetmə qızlardan ibarət yığma komandamız Şamaxı Olimpiya İdman Kompleksində təlim-məşq toplanışını davam etdirir. Yiğmamız iyulun 15-dən 20-dək Slovakiyanın Snina şəhərində keçiriləcək yeniyetmələr arasında güləş üzrə dünya çempionatına hazırlaşır.

Yeniyetmə qızlardan ibarət yığma komandanın üzvləri Şamaxı Olimpiya İdman Kompleksində böyük məşqçi Aslan Ağayev, məşqçilər Həsrət Məmmədyarov, Siracuddin Eldarov, Filip Monolov və Mətanət Süleymanovanın rəhbərliyi altında hazırlaşır. 18 güləşçinin yer aldığı təlim-məşq toplanışı iyulun 13-dək davam edəcək.

Yığma komandanın böyük məşqçisi Aslan Ağayev təlim-məşq toplanışı üçün Federasiya tərəfindən hər bir şəraitin yaradıldığını, qələbə qazanmaq üçün maksimum çalışacaqlarını bildirib. Yığma komandanın heyətində yeniyetmələrin Nanjinqdə keçiriləcək II Olimpiya Oyunlarına lisenziya qazanan Türkan Nəsirova və Leyla Qurbanovanın da Dünya çempionatında iştirak edəcəyini bildirən məşqçi, onlara ümidlərinin daha çox olduğunu qeyd edib.

Yığma komandanın üzvü Türkan Nəsirova isə, maksimum səylə çalışıb məşqçilərin və federasiya rəhbərliyinin etimadını doğrultmağa çalışacaqlarını bildirib.

Xəbər 751 dəfə oxundu.