Altılıq sərhəddində mübarizənin bəzi xüsusiyyətləri
Milli futbol çempionatında fasiləyə cəmi 3 tur qaldı. Ötən turun mərkəzi görüşündə bəlkə də “gözlənilən gözlənilməzlik” adlandıra biləcəyimiz Lənkərandakı duelin nəticəsi təkcə turun deyil, yarışın ümumi axarına öz təsirini göstərə bilər. Əvvəlki turda zirvəni əldən vermiş “Xəzər Lənkəran” budəfəki dueldə “İnter”ə uduzub, 2-ci pilləni də tərk etdi. Halbuki cənublular buna qədər böyük xal fərqi ilə lider idilər.

Bunun aşkar səbəbləri haqqında çox söz demişik və hələ qarşıda deyiləsi sözlər də çoxdur. Ən vacibi, aydındır, klubun problemi nə məşqçi ilə bağlıdır, nə də bir qədər əvvəl şişirdilmiş Kamran Ağayev söz-söhbəti ilə. Bununla belə, məğlubiyyətlərin səbəbkarı da tapılıb və həmişəki kimi, baş məşqçi komandadan ayrılıb. Son sözü kimi, heyətdə çatışmazlıqlar üzündən bəzi qalaqurmalar aparmağa məcbur olduğunu deyən məşqçinin klubdan gedəcəyi lap əvvəldən də aydın idi. Bu dəfə hadisələr mövsümün ikinci hissəsinə çatmadı və onu qış fasiləsinə qədər yola saldılar. Təbii ki, ilin son oyunları ərəfəsində uçuruma yuvarlanmağa başlamış lənkəranlılar üçün hələ də çıxış yolu var. Çünki komandanın ilk altılıqdakı mövqeyi, yəqin ki, toxunulmaz olaraq qalacaq. Lakin qış fasiləsində yenə də oyunçu bazarında komandanın alış-veriş planları bir məqsəd üzərində qurulacaq və çətin ki, bu dəfə də hansısa yekun uğurdan danışmaq mümkün olsun.

Çox təəssüf ki, bu dəfə yenə oyundan sonrakı hadisələr gündəmə gəldi. Lənkərandakı matçı başa çatan kimi, azarkeşlərin tribunadan atdığı əşyalara tuş gələn “İnter”in sükançısı Kaxaber Sxadadzenin başı yarılıb. Başqa bir məlumata görə, yenə tovuzlu azarkeşlərdən fərqlənənlər olub. Bu dəfə onlar hər yerdə toxunulmaz sayılan hakimlərin otağına basqın ediblər.

Meydana qayıdaq. Lənkəranlılarla yanaşı, sözsüz, “Neftçi” və uzunmüddətli məğlubiyyətsizlik seriyası ilə özünü doğrultmağa başlamış “İnter”in də altılıqda yer alacağı indidən şübhə doğurmur. Açığı, heç gözlənilmədən bu gün “İnter” mövsümün ən məzmunlu oyun göstərən komandasına çevrilib. O, ilk növbədə, meydanda dayanıqlı və sabit oynayır. Bunun da nəticəsində “Bu rəqibə necə qalib gəlməli?” sualı, yəqin, indi digər klubları da düşündürür. Onlar üçün ilk və yeganə cavab “beynəlmiləlçilər”in özünün özünə qənim kəsilməsidir.

Belə cavabın bir səbəbi var: digər “alıtılıq” iddiaçılarının heç birinin oyununda nə irəliləyiş var, nə sistemli yanaşma, nə də qələbə əzmi.

Götürək elə “Neftçi”ni. “Simurq” meydanda öz-özünə dağılmağa və oyununu itirməyə başlamasaydı, çətin ki, meydan sahibləri qələbə qazanaydılar. “Simurq”un mərkəz zonanı ələ almasını “ağ-qaralar”ın iki aparıcı futbolçusunun yoxluğu ilə izah etmək gülməli olardı. Axı, bu matçda üz-üzə gələnlər iki fərqli qütbün komandalarıdır. “Simurq”un qarşılaşmanın ipini əldən verməsi isə onun fiziki imkanlarının məhdudluğu və məşqçi işinin hələ də natamam həddə olması ilə bağlıdır.

Maraqlıdır ki, tam eyni mənzərəni Qəbələdəki oyunda da görmək mümkün idi. Sumqayıtlılar rəqibdən daha məzmunlu oynayırdılar. Xüsusən topa nəzarət, onu saxlama və qoruma kimi elementlərdə bu klub bir qədər təcrübəli olsaydı, bəlkə də bütün rəqiblərinə meydan oxuyardı. Üstəlik, bu arada veteranların gənclərə dəstək olması da sözünü deyir. Onlar meydanda səngiyən kimi rəqib qələbə fürsəti əldə etdi. Burada baş məşqçinin də bəzi taktiki səhvlərə yol verməsini qeyd etmək olar. Ümumiyyətlə, sumqayıtlıların bir çox hallarda rəqibdən qat-qat üstün olub meydanı məğlubiyyətlə tərk etməsi futbolçuların, xüsusən də gənclərin psixikasına, mənəvi hazırlığında komplekslərin yaranmasına səbəb olmasa yaxşıdır. Bununla belə, bu klubun yaşamaq uğrunda mübarizədə artıq xeyli geridə qaldığı aydındır. Ona maliyyə vəziyyəti heç də yaxşı olmayan “Turan” da qoşulmağa namizəddir. Hər halda, son qələbəsi ilə nəzəri olsa da, “Kəpəz” də “altılıq” iddiaçısına çevrilib.

Beləcə, “Qəbələ”nin ilin əvvəlindən qaçırdığı fürsətlər və ortabablar səviyyəsindən çox da uzağa getməməsi sayəsində, bu gün 5 klub “birincilər” sırasında olmağa iddialıya çevrilib. Üstəlik, fasiləyə qədər bu beşlikdən ikisinin “Qarabağ”la da oyunu var. Məhz həmin görüşlərdə “Qarabağ”ın da imkanları əməli sınağa çəkiləcək. Amma fasiləyə qədər, zənnimcə, vəziyyətə əsas aydınlıq gətirən matçlar AzAL-ın “Simurq” və “Rəvan”la görüşləridir. Elə buna görə, vəziyyətin qeyri-müəyyən qalması mümkündür. Bu mənada həlledici sözü “Rəvan”ın da liderlərlə oyunları (“Bakı” və AzAL-la ev, “Qarabağ”la səfər) deyəcək. Çünki ilin sonuna qədər qalan 3 matçda “Qəbələ”ni də iki çətin ev (İnter” və “Qarabağ”la) və autsayderlə (“Turan”) səfər sınağı gözləyir.

“Simurq” üçün AzAL-la yanaşı, “Turan”la həmişə çətin alınan ev oyunu və bir də, “qardaşlaşmış” rəqibi “İnter”lə görüşün sınaqları da əhəmiyyətlidir. “Kəpəz” də nagüman vəziyyətdədir: səfərdə autsayderdən (“Sumqayıt Şəhər”) xal qoparmaq heç də asan olmayacaq. Amma ən vacibi, evdə “Xəzər Lənkəran” və səfərdə “Neftçi” ilə oyunlardır. Bu özəllikləri nəzərə alsaq, yəqin ki, fasiləyə qədər “Kəpəz”lə “Simurq”un “altılıq” ritmində qalıb-qalmaması daha çox maraq doğurar.

Xəbər 2688 dəfə oxundu.