“Qırmızı şeytanlar” yığmalarının heyətində
İngiltərənin mahiyyət daşımayan, Yaponiyanın isə qələbə qazanmalı olduğu oyun günündə də “Mançester Yunayted”in futbolçularının çıxışlarını gördük.

Fil Cons və Kris Smollinq ilk iki oyundan fərqli olaraq, Kosta-Rika ilə mahiyyət daşımayan oyunda (0-0) meydana start heyətdə çıxa bilmişdilər. Cons sağ cinahda Qlen Consonu, Smollinq isə mərkəzdə Fil Caqelkanın əvəzinə meydana çıxmışdılar. Hər iki futbolçumuz 90 dəqiqə meydanda olublar və rəqib futbolçuların qol vurmasına imkan verməyiblər.

Ueyn Runi və Denni Uelbek isə bu dəfə ehtiyatda idilər. Ueynin oyunun 76-cı dəqiqəsində meydana girməsi ilə, ilk dəfə olaraq DÇ-2014-də üç “Yunayted”li futbolçunun eyni vaxta oyunda olduğunu görə bildik.

Sindzi Kaqava da Yaponiyanın Kolumbiya ilə oyununda start heyətində meydana çıxa bilmişdi. Yaponlar üçün “ölüm-dirim” matçında mütləq qələbə lazım idi. Matç boyu aktiv oyun göstərən “samuray”, bir neçə epizodda qol vurmaq imkanı da qazandı. Amma futbolçumuz bu fürsətlərin heç birini dəyərləndirə bilmədi. Sonda rəqibinə 1-4 hesabı ilə məğlub olunca isə, qol hesabını açmadan komandası ilə birlikdə Brazilyadan ayrılmalı olub. Oyunun 85-ci dəqiqəsində əvəzlənən Kaqava da, “Mançester Yunayted”in gələn ay başlayacaq Amerika turuna qatıla bilər.

Xəbər 844 dəfə oxundu.