“Synergy Baku” Sloveniyada
Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası “Synergy Baku” iyunun 19-22-də “Tour of Slovenia” yürüşündə mübarizə aparacaq. Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı yarışında 8 velosipedçimiz çıxış edəcək.

Məşqçilər korpusu Sloveniya turunda Azərbaycanın U-23 milli komandasının üzvləri Tural İsgəndərov və Samir Cəbrayılova, eləcə də Maksim Averin, Metyu Bremmier, Markus Eybeger, Konnor McConvey, Yan Sokol və Aleksandr Surutkoviçə iştirak imkanı yaradıb. 4 mərhələdən ibarət yarışda iştirakçılar ümumilikdə 514 km məsafə qət edəcəklər.

Diqqət çəkən məqam “Tour of Slovenia”da 4 Pro-Tur komandasının da iştirak etməsidir. Bunlar “Cannondale”, “Orica-GreenEdge”, “Katusha” və “Lampre-Merida” kollektivləridir. Adları çəkilən klubların üzvləri planetin ən nüfuzlu velosiped yarışı sayılan ”Tour de France”da da iştirak edəcəklər.

Qeyd edək ki, şüarı "Davamlı gələcəyə doğru" olan "Synergy Group" ASC Azərbaycanın ilk peşəkar velokomandası "Synergy Baku Cycling Project"in baş sponsorudur.

Xəbər 787 dəfə oxundu.