Skolari: "Dünya çempionatı sirk deyil"
"Futbolçularımdan razı qaldım. Oyuna yaxşı başlamadıq və erkən qol buraxdıq. Əgər məqsədimizə nail olmaq istəyiriksə, üzərimizdə daha çox işləməliyik".

Bu sözləri Braziliya millisinin baş məşqçisi Luis Felipe Skolari Xorvatiya ilə oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis hər dəfə mundiala çətin qələbə ilə başladıqlarını bildirib: "Dünya çempionatlarında startım heç də asan alınmır. 2002-ci ildə Türkiyə yığmasına çətinliklə qalib gəldik - 2:1. 2006-cı ildə Portualiya millisini çalışdırarkən İngiltərəni 1:0 hesabı ilə məğlub etdik. Bu dünya çempionatıdır və burada hansısa komandaya qalib gəlmək elə də asan deyil. Bununla belə, komandamın oyunundan razıyam. Mundiala qələbə ilə başladığımız və oyunda geridönüş etdiyimiz üçün şadam. Kuboka sahib olmaq üçün turnirdə 7 qələbə qazanmalısan. Artıq birində qalib gəldik. Qalır 6 oyun. Dünya çempionatı sirkdi? (gülür) Braziliya 5 dəfə dünya çempionu olub. Pele, Jairzinyo, Qarrinça, Romario, Ronaldo sirkdə qələbə qazanmayıblar".

Skolari eyni zamanda matçın 71-ci dəqiqəsində təyin olunan penalti zərbəsini belə şərh edib: "Milyonlarla insan penaltini görmədi? Ancaq hakim gördü! Burada qərarı hakim verir. Düşünürəm ki, həmin epizodda penalti var idi. Erkən qol buraxmağımıza baxmayaraq qələbə qazanmağı bacardıq. Əlbəttə, bu qələbədə azarkeşlərimiz də bizə kömək oldular".

Qeyd edək ki, dünya çempionatının açılış matçında Braziliya Xorvatiyanı 3:1 hesabı ilə məğlub edib.

Xəbər 898 dəfə oxundu.