Fariz Məmmədov: Etimadı doğruldacağıma inanırdım
«Pelklə döyüş çox gərgin keçdi. Niyə? Çünki ilk raunda sol qaşımdam ağır zədə aldım. Bu, məni həyacanlandırdı. Görüş 12 raund idi. Rəqib həmin nöqtəyə çoxlu zərbələr endirə bilərdi. Qorxdum ki, zədə növbəti raundlarda ağırlaşın və hakimlər döyüşü dayandırsın». Bunu idman.com.az saytna açıqlamasında, iyunun 7-də Almaniyada WBCA və WBO versiyaları üzrə Avropa kəməri uğrunda keçirilmiş əvəz matçında Matias Pelkə qalib gələn peşəkar boksçu Fariz Məmmədov dedi. Titullu rinq ustası bildirdi ki, rəqiblə onun vətəni Almaniyada üz-üzə gəldiyindən, referilərin ona tərəfkeşliyi ola bilərdi:

«Bilirsiniz ki, Pelklə Almaniyada döyüşürdüm. Orta hakim belçikalı olsa da, 3 yan hakimi almaniyali idi. Amma mənim fikrim başqaydı. 6 ay aramsız məşq edib, qələbə hissi ilə alışıb yanırdım. Matiası yaxşıca öyrənmişdim. Onun əli uzun olduğundan, mənimlə məsafədə döyüşəcəkdi. Bunun üçün, ilk 2 raundda zərbələri onun çiyninə vurub, başını buraxdım. Məni aqresiv, yaxın məsafələrdən işləyən boksçu kimi tanıdığından, Pelklə başqa taktikada döyüşdüm. Məqsədim rəqibi nokauta salmaq deyil, 12 raundun cəmində qalib gəlmək idi. Lakin ona vurduğum ağır zərbələrin nəticəsində, o, 4-cü hissədə təslim oldu. Bundan özüm də təəccübləndim. Sonra məlum oldu ki, ağır zədə alıb.

«Qəbələ» İdman Klubu mənə dəstək verdiyi üçün, başda onun prezidenti Tale Heydərov olmaqla, hamıya minnətdaram. Evdə uğursuz çıxışımdan sonra, idmançı karyeramı bitirmişdim. Psixoloji vəziyyətim qaydasında deyildi. Məğlubiyyətim mənə pis təsir etmişdi. Mənim boksa qayıdışımda bu camiyənin böyük dəstəyi oldu. Məni ruhlandırdılar, mənə inandılar. Rəhbərliklə görüşdə, uğursuz çıxışımı uğurlu kimi qəbul etdilər. Əslində, bu, həqiqət idi. Pelklə döyüşdə 8 raundun 6-sında xal hesabında üstünlüyüm vardı. Sadəcə, ağrılar görüşü davam etdirməyə imkan vermədi. Söz vermişdim ki, etimadı doğruldacağam. Allaha şükürlər olsun ki, qarşıya qoyduğum məqsədə çatdım».

Kamran HACI

Xəbər 1181 dəfə oxundu.