Olimpiya təbliğatçıları Bakıda

2020-ci il olimpiya oyunlarının təşkili ilə əlaqədar olaraq Beynəlxalq Olimpiya Komitəsinin ekspert qrupu Bakıya gəlib. 2020-ci il Olimpiadasına namizədlik üçün ən mükəmməl planın hazırlanması məqsədilə şəhərimizə təşrif buyuran qonaqlar Bakı-2020 təşkilat qrupu ilə görüş keçiriblər.

4 müxtəlif ölkədən gəlmiş mütəxəssislər ilk olaraq, Bakı-2020-nin icraçı direktoru Könül Nurullayeva ilə görüşüblər. Tanınmış mütəxəssislərdən ibarət qrup Olimpiya hərəkatı üzrə Böyük Britaniya, İtaliya, İspaniya, Yunanıstan, Cənubi Afrika, Hollandiya, Avstraliya, ABŞ və Kanada, eyni zamanda Olimpiya inşaatı, idman və məkan, təhlükəsizlik, nəqliyyat, ətraf mühit və digər sahələrdə ən öndə gedən peşəakarlardan ibarətdir.

Mütəxəssislərdən biri uzun illər beynəlxalq idman aləmində, xüsusi ilə 1961-ci ildən basketbol növündə dünyanın ən yaxşı idman icraçılarından biri olan Avstraliyalı Bob Elfinstondur.
Bob Elfinston 2000-ci il Sidney Olimpiya oyunlarının təbliğində fəal rol oynayıb.

“Bu zamana qədər olan ən yaxşı oyunlar”ın təbliğatı və gerçəkləşdirilməsi istiqamətində gördüyü mühüm işlər üçün Beynəlxalq Olimpiya Komitəsi (BOK) Bob Elfinstonu Olimpiya Proqramı Komissiyasına və BOK Qiymətləndirmə Komissiyasına daxil edib.

Könül Nurullayeva: “Bu cür yüksək səviyyəli işçi qrupunu Bakıda salamlamaqdan məmnunluq duyuruq. Tam əminliklə deyə bilərəm ki, bu cür nüfuzlu və böyük təcrübəyə malik şirkətlə yüksək təbliğat aparıb, böyük uğurlar əldə edə biləcəyik.”

“Bakıda idman infrastrukturunun inkişafı üçün dövlət tərəfindən milyonlarla dollar sərf edilir. Bunun əsas səbəbi ölkənin iqtisadiyyatının sürətli inkişafıdır. Məhz buna misal olaraq son üç ildə biz yeni Olimpiya stadionunun, eyni zamanda Olimpiya Komplekslərinin, yeni idman meydançalarının tikintisinə başlamışıq. Baki Olimpiya ailəsinə vəd etdiklərinin hər birini nümayiş etdirəcək.”

Bob Elfinston deyib: “Mən Bakının gözəlliyi və cəlbediciliyinə heyran oldum. Bakı dünyanın ən böyük sirlərini özündə gizlədən və kəşflər üçün ən real məkan olan şəhərdir. Əminəm ki, birgə olaraq Bakının ən yüksək səviyyəli təbliğatı üçün işlər görə bilərik. Azərbaycan gənc bir ölkədir. Onun əhalisinin 50%-dən çoxu 30 yaşından aşağı olan insanlardır. 2020-ci il Olimpiya və Paralimpiya oyunlarının Bakıda keçirilməsi milyonlarla insanın ürəyi və beyninə yol tapmağın ən gözəl yoludur.”

Xəbər 1221 dəfə oxundu.