Fatih Terim favoritlərini açıqladı
Türkiyə millisinin baş məşqçisi Fatih Terim dünya çempionatında favorit gördüyü yığmaların adlarını açıqlayıb.

TRT1 telekanalına danışan təcrübəli mütəxəssis əsas favoritin Braziliya millisinin olduğunu bildirib:

"Braziliya millisi həm azarkeş, həm stadion, həm də futbol olaraq bir addım öncə başlayacaq. Meydançada bu tip göstəricilər müəyyən bir yerə qədər təsirli olur, ancaq Braziliya yığması kubok yolunda rəqiblərinə nisbətən daha yaxşı vəziyyətdədir və bir addım öndədir".

Braziliya ilə yanaşı, daha bir neçə millinin adını çəkən F.Terim mundialda Belçika yığmasından sürpriz gözlədiyini deyib: "Argentina və Almaniya ilə yanaşı, göz önündə olmayan İngiltərə və İtaliya yığmalarını da turnirin favoritləri sırasında görürəm. Xüsusilə, İtaliya bir turnir komandasıdır. Lakin eyni qrupda yer alan Uruqvay millisi yaxşı oyun nümayiş etdirə bilər. Çox təcrübəli və önəmli oyunçulardan təşkil olunmuş heyəti var.

Belçika millisini seçmə mərhələlərdən tanıyırıq. Onlar çox yaxşı heyətə malikdirlər. Mundialda sürpriz edə bilərlər. Futbol hər nə qədər komanda oyunu olsa da, fərdi ustalıq keyfiyyətinə malik futbolçular hər matçın nəticəsini dəyişə bilərlər. Bu baxımdan Ronaldolu Portuqaliya millisini qeyd etməliyik. Ronaldo çox yaxşı bir mövsüm keçirdi. Messi isə "Barselona"dakı oyununu Argentina yığmasında sərgiləyə bilmir. Çox maraqlı turnir bizi gözləyir".

Xəbər 862 dəfə oxundu.