Karateçilərimiz İzmirdə 3-cü oldu
Böyük məşqçilər Şahin Xudaverdiyevlə Anar Allahverdiyevin rəhbərliyi ilə İzmirdə Komandalar arası 12-ci Regional Avropa çempionatında iştirak edən oğlanlardan ibarət komandamız bürünc medallara sahib olub.

İdman.com.az saytı xəbər verir ki, Ülvi Qurbanov, Murad Balakişiyev, Murad Hacızadə, Elcan Məmmədrzayev və Vüsal Kamallıdan ibarət komandamız Yunanıstan (2:2) və Serbiyalı (2:0) rəqiblərə qalib gəldikdən sonra Türkiyə idmançılarına uduzaraq təsəlliverici görüşdə Serbiyanın (3:1) digər klubunu məğlub ediblər.

İlk dəfədir ki, bu nüfuzlu yarışda tatamiyə çıxan Fəridə Əliyeva, Aytac Əliyeva və Şölə Həsənovadan ibarət qızlar komandamız isə təsəlliverici görüşdə bürünc medalları əldən veriblər. Serbiya (2:0) komandası üzərində qələbədən sonra Fransalı (1:2) rəqibə uduzan qızlarımız üçüncü yer uğrunda əvvəlcə Türkiyənin Ege bölgəsinin komandasından (2:1) üstün olsalar da, həlledici görüşdə Türkiyənin Akdeniz bölgəsinin klubuna (0:2) məğlub olaraq 5-ci yeri tutublar.

Final döyüşləri iyunun 8-də keçiriləcək. Yarışda 19 ölkənin 115 klubunu təmsil edən 485 idmançı iştirak edib. Təşkilatçı ölkə ilə birgə Azərbaycan, Bosniya və Herseqovina, Bolqarıstan, Xorvatiya, Estoniya, Fransa, Makedoniya, Almaniya, Yunanıstan, İtaliya, Lüksemburq, Çernoqoriya, Rumıniya, Rusiya, Srebiya, Slovakiya, İspaniya və İsveçrədən olan komandalar "Halkapinar" İdman arenasında medallar uğrunda mübarizə aparıblar.

Azərbaycanı yarışda 3 qız və 5 oğlandan ibarət komandalar, həmçinin 5 beynəlxalq hakim təmsil edib. Azərbaycan hakimləri dərəcələrini artırmaq üçün Avropa Karate Federasiyasının Hakimlər komitəsi qarşısında imtahan veriblər. Nəzəri və praktiki hissələrdən ibarət imtahanlarda beynəlxalq hakimlərimizdən Yusif Məmmədov, Nərgiz Mehdiyeva və Vüqar Kərimov dərəcələrini artırmağa nail olublar.

Qeyd edək ki, kişilərdən ibarət milli komandamız 2012-ci ildə Moskvada Komandalar arası 10-cu Regional Avropa çempionatının qalibi olublar. 7-8 iyun tarixlərində yarışa ayın 5-də yollanan idmançılarımız iyunun 10-da vətənə dönəcəklər.

Xəbər 1857 dəfə oxundu.