İlk qolf turnirini Türkiyə vətəndaşı qazandı
Bu gün Qubada ümummilli lider Heydər Əliyevin xatirəsinə qolf üzrə turnir keçirildi. İdman.com.az saytı xəbər verir ki, Milli Qolf Klubunda təşkil olunmuş yarışda ölkə vətəndaşları ilə yanaşı, Azərbaycanda əmək fəaliyyəti göstərən əcnəbilər də iştirak etdilər.

Ölkəmizdə ilk dəfə keçirilmiş bu tədbirin əsas məqsədi qolf bacarıqlarına malik olan yerli və xarici qolfçular üçün maraqlı və rəqabətli yarış təşkil etmək, eyni zamanda bizim üçün yeni olan bu idman növünün daha geniş kütləyə çatdırılmasını təmin etmək və Azərbaycanı yeni qolf məkanı kimi dünyaya təqdim etməkdir. Qolf federasiyasının qarşıya qoyduğu əsas hədəf gələcək Olimpiya oyunlarına milli qolfçuların hazırlanması, onların mötəbər arenalarda iştirakının uğurla təmin olunmasıdır.

Yarış 18 dəlikli «Mixed Stroke Play» formatında keçirildi. Bir mərhələdən ibarət olan turnirdə müxtəlif «handicap» göstəricisinə malik olan həvəskar golfçular da iştirak etdilər: 44 kişi, 6 qadın.

İyunun 7-də həm də turnirin açılışı baş tutdu. Çıxış edən AQF-in prezidenti Anar Məmmədov, qolfun ölkəmizdə 2 ildir yarandığını dedi. Bildirdi ki, bu vaxt ərzində paytaxtda federasiyanın inzibati binası, Qolf Akademiyası və Qubada Milli Qolf Klubu inşa edilib. Sitat: «Bu gün Qubada ulu öndərin xatirəsinə yarış keçirilir. Çalışacağıq ki, turnirlərin sayını artıraq. İyulun sonunda elə bu məkanda peşəkarlar arasında qitə miqyaslı «Çağırış kuboku» təşkil olunacaq. Məqsədimiz qolfun ölkəmizdə marağı daha artırmaqdır».

Yarışda ilk 3 yeri tutanlar qolfçular kubok və müxtəlif mükafatlarla təltif olundular. Maraqlı mübarizə şəraitində keçmiş rəqabətdə ilk yeri türkiyəli Mahmud Qoylu tutdu. Növbəti pilləyə Koreya vətəndaşı Yanq Van Kim sahib çıxdı. İngilis Riçard Çarlz 3-cü oldu.

İştirakçılardan toplanan qeydiyyat haqları xeyriyyə məqsədi ilə istifadə olunacaq. Əldə olunan gəlir «Əlilliyə Erkən Yardım Portec Həbəkəsi» İctimai Birliyinin vasitəçiliyi ilə əlilliyi olan uşaqlar üçün əlil arabalarının alınmasına sərf olunacaq.

Kamran HACI, Quba

Xəbər 1918 dəfə oxundu.