Londona 7 cüdoçu ilə gedə bilərik

Beynəlxalq Cüdo Federasiyası (İJF) London Yay Olimpiya Oyunlarına vəsiqə qazanmağa yaxın olan idmançıların adlarını açıqlayıb. idman.com.az saytının məlumatına görə, gələn ilin aprelinədək davam edəcək yarışları nəzərə alan İJF, dünya reytinqində ilk “35-lik”yə düşənləri fərqləndirib. Qurumun rəsmi saytında yer alan cədvəldə Azərbaycan yığmasından 8 cüdoçu yer alıb. Bunlar Kifayət Qasımova (57 kq, 12-ci yer), Ramilə Yusubova (63 kq, 16), İlqar Müşkiyev (60 kq, 9), Tərlan Kərimov (66 kq, 13), Elnur Məmmədli (4) və ya Elxan Rəcəbli (hər ikisi 81 kq, 21), Elxan Məmmədov (90 kq, 7) və Elmar Qasımovdur (100 kq, 34). Beynəlxalq qurum sonuncu həmyerlimizin adını fərqləndirsə də, onun lisenziyaya sahib olması üçün “22-liyə” yüksəlməsi vacibdir.
Çünki İJF yekunda ölkəmizin ümumilikdə 7 idmançı ilə olimpiadaya qatılmaq şansını da bir daha xatırladıb. Çünki siyahıda 81 kq çəki dərəcəsində 2 həmyerlimiz yer alıb.
Qeyd edək ki, kişi cüdoçuların mübarizəsində dünya reytinqində 22, qadın idmançılar arasında ilk 14 yer London oyunlarına qatılmaq hüququ qazanacaq.
Xatırladaq ki, ölkəmiz sözü gedən idman növündə Atlantada 2 (Nazim Hüseynov, Zülfiyyə Hüseynova), Sidney Olimpiadasında 4 (Elçin İsmayılov, Rəsul Səlimov, Zülfiyyə Hüseynova, Mehman Əzizov), Afinada 3 (Elçin İsmayılov, Mehman Əzizov, Mövlud Mirəliyev), Pekində isə 6 cüdoçu (Ramil Qasımov, Elnur Məmmədli, Mehman Əzizov, Elxan Məmmədov, Mövlud Mirəliyev, Kifayət Qasımova) ilə təmsil olunmuşdu.

Xəbər 1097 dəfə oxundu.