Milli Qurtuluş gününə dağ velosipedçilərinin yarışı
Iyunun 14-də Veloparkda velosiped idmanının MTB (dağ velosipedi) növü üzrə açıq Azərbaycan çempionatı keçiriləcək. İdman.com.az saytı xəbər verir ki, 15 iyun – Milli Qurtuluş gününə həsr olunmuş yarışda peşəkar velosipedçilərlə yanaşı, həvəskar dağ velosipedçiləri də iştirak edə bilərlər.

Müvafiq idman ləvazimatı (velosiped və baş geyimi) olan hər bir həvəskar velosipedçi yarışda iştirak etmək üçün federasiya ilə əlaqə saxlamaqla (012 566 74 88; 077 450 25 13; e-poçt: info@avif.az) qeydiyyata düşə bilər.

Yarış günü iştirakçılar saat 10.00-dan etibarən Veloparkdakı mərkəzi meydanda qeydiyyata alınacaqlar. Yarışa saat 11.00-da start veriləcək. “Tour d’Azerbaidjan-2014” veloyürüşünün virtual oyun versiyasının qalibi də çempionat başa çatdıqdan dərhal sonra mükafatlandırılacaqdır.

Azərbaycan çempionatının nəticələri Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) reytinq siyahısında nəzərə alınacaq. Həm peşəkarlar, həm də həvəskarlar arasında fərqlənən idmançılar federasiya tərəfindən medal, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

Xəbər 1261 dəfə oxundu.