Heydər Əliyev kubokuna yekun vuruldu
Bu günlərdəsəmti müəyyən etmə idman növü üzrə Xaçmaz rayonunun Yalama qəsəbəsində keçirilən ümummilli lider Heydər Əliyev adına Beynəlxalq Kubok yarışı yekunlaşmışdır. Artıq ənənə halını almış bu yarışa Azərbaycanın müxtəlif nazirlik, idarə, təşkilat, ali təhsil müəssisəsi, idman klubları və s. təmsil edən 20-dən çox komanda və 12 ölkədən idmançılar qatılmışdır.

Yarışda elit, open və junior kateqoriyaları üzrə ümumilikdə 200-dən çox idmançı mübarizə aparırdı. İdmançıların yarışdıqları ərazidə video-nəzarət məntəqəsinin quraşdırılması nəticəsində yarışı ilk dəfə canlı izləmək mümkün olmuşdur. Eləcə də bu video federasiyanın rəsmi internet səhifəsində yerləşdirilmişdir ki, buradan da yarışın gedişatına bütün dünyada baxmaq mümkün olmuşdur.

Yarışın ilk günündə elit kateqoriyası üzrə uzun məsafədə kişilər arasında Aleksandr Trempoltsev (Rusiya) 7.5 km məsafədə 14 nəzarət məntəqəsində qeyd olunaraq bütün rəqiblərini geridə qoyaraq finiş xəttinə birinci çatmışdır. Finlandiyalı idmançı Timo Elo ikinci yeri tutmuşdur. Rəqibindən bir neçə dəqiqə geridə qalan Türkiyəli Yaşar İsmət Dəmiröz bürünc medal qazanmışdır. Bu məsafə üzrə (5.7 km, 13 nəzarət məntəqəsi) qadınlar arasında Neftçi İK-nun idmançısı Nataliya Əliyev qızıl medal qazanmışdır. Minayeva Yelena (Alp Klub 2) ikinci, Büşra Muslu (Türkiyə) isə üçüncü olmuşdur.

Open kateqoriyası üzrə (4.6 km, 11 nəzarət məntəqəsi) kişilər arasında Torgni Jeppson (İsveç) birinci, Viljo Elo

(Finlandiya) ikinci, Ben Şults (Filippin) isə üçüncü olmuşdur. Qadınlar arasında isə Günya Həmdullayeva (Bakı Azimutu) 3.5 km məsafə üzrə 10 nəzarət məntəqəsində qeyd olunaraq fəxri kürsünün ən yüksək zirvəsinə yiyələnmişdir.

Yarışın ikinci günündə elit kateqoriyası üzrə kişilər arasında qısa məsafədə Türkiyəli idmançı Yaşar İsmət Dəmiröz fəxri kürsünün ən yüksək zirvəsinə qalxmışdır. Gümüş medalı İsveçli Henrik Flordal qazanmışdır. Üçüncü yeri isə Xüsusi Dövlət Mühafizə Xidmətinin idmançısı İlham Quliyev tutmuşdur. Qadınlar arasında isə Türkiyəli Büşra Muslu qızıl medal qazanmışdır. Nataliya Əliyeva ikinci, Minayeva Yelena isə üçüncü olmuşdur.

Open kateqoriyasında kişilər arasında Torgni Jeppson (İsveç) ikinci yarış günündə də bütün rəqiblərini geridə qoyaraq fəxri kürsünün ən yüksək zirvəsinə yiyələnmişdir. Bakı Slavyan Universitetinin idmançısı Murad Həsənov ikinci, Finlandiyalı idmançı Viljo Elo isə üçüncü olmuşdur. Qadınlar arasında Nərgiz Salayeva (BeSmart şirkəti), Günya Həmdullayeva (Bakı Azimutu) və Məmmədli Kəmalə (Bakı Slavyan Universiteti) müvafiq olaraq bir, iki və üçüncü yerləri tutmuşlar.

İki günün umumi nəticələrinə əsasən Türkiyə komandası birinci yeri tutmuşdur. Dağçılıq İdman Klubununu komandası gümüş, Xüsusi Dövlət Mühafizə Xidmətinin komandası isə yarışın bürünc medalını qazanmışdır.

Bütün qaliblər medal, diplom və qiymətli hədiyyələr ilə mükafatlandırılmışdır.

Xəbər 2489 dəfə oxundu.