“Olimpiya dünyası” qəzetinin 10 illiyi qeyd olundu

Noyabrın 29-da Milli Olimpiya Komitəsinin (MOK) orqanı olan “Olimpiya dünyası” qəzetinin yaranmasının 10 illiyi münasibətilə tədbir keçirilib.

Avropa otelində təşkil edilən yubiley mərasimində ilk olaraq çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyevin təbrikini qəzetin əməkdaşlarına çatdırıb. Bildirib ki, 2001-ci ildə ölkəmizin başçısının təşəbbüsü ilə yaranan qəzet qarşısına qoyduğu vəzifələrin öhdəsindən layiqincə gəlir. 846 nömrəsi çap olunan qəzet respublikamızın idman həyatında mühüm rol oynayır. Bu gün 10 illik yubileyi qeyd olunan qəzetin kollektivi Azərbaycanda idmanın, olimpiya hərəkatının təbliği ilə yanaşı, ölkədə idman jurnalistikasının formalaşmasında mühüm rol oynayacaq.

Sonra Çingiz Hüseynzadə Prezident İlham Əliyevin 2011-ci il 23 noyabr tarixli Sərəncamı ilə qəzetin təltif olunmuş 2 əməkdaşı – baş redaktorun müavini Aslan Şirəliyevə və şöbə müdiri Səadət Hakıyevaya “Tərəqqi” medalını təqdim edib.

Tədbirdə “Olimpiya dünyası”nın baş redaktoru Murad Fərzəliyev qəzetin ötən müddətdə fəaliyyəti barədə danışıb, nəşrin respublikada olimpiya hərəkatının inkişafında və idmanın kütləviləşməsinin təbliğində rolunu qeyd edib.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov qəzetin redaksiya üzvlərinin fəaliyyətini yüksək qiymətləndirib, ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan danışıb.

Tədbirin gedişində qəzetin 10 illik fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının prezidenti Eldar İsmayılov dünya (AİPS) və Avropa (UEPS) idman media təşkilatlarının rəhbərləri Cani Merlo və Yanis Darasın təbriklərini redaksiya kollektivinə çatdırıb və AİPS-in xüsusi hədiyəsini qəzetin baş redaktoru Murad Fərzəliyevə təqdim edib.

Mətbuat Şurasının sədri Əflatun Amaşov, “Təhsil” RİM-in direktoru Cəfər Hümbətov, “İdman” qəzetinin baş redaktoru Qabil Mehdiyev və başqaları çıxış dərək qəzetin kollektivini təbrik ediblər.

Mərasimdə “Olimpiya dünyası” qəzetinin cari ilin yekunları ilə bağlı keçirdiyi sorğunun qalibləri mükafatlandırılıb.

Tədbir gənc idmançıların nümunəvi çıxışı və konsert proqramı ilə başa çatıb.

Xəbər 1463 dəfə oxundu.