Böyükağa Hacıyev: “Simurq”la matç maraqlı və gərgin keçəcək”

“Bizi Zaqatalada çətin sınaq gözləyir”. idman.com.az saytının məlumatına görə, bunu “Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyev deyib. Mütəxəssis, komandanın saytına açıqlamasında ölkə kubokunun 1/8 final mərhələsində qarşılaşacağı “Simurq”la oyun öncəsi fikirlərini bildirib: “Bu mərhələdə komandaların bir dəfə qarşılaşdıqlarını nəzərə alsaq, “Simurq”la matçın maraqlı və gərgin keçəcəyini təxmin etmək olar. Mətbuatda rəqib komandanın baş məşqçisinin hakimliklə bağlı açıqlamaları ilə tanış oldum. Bir neçə gün əvvəl “Neftçi” klubu bu haqda bəyanat yaymışdı, mən də öz fikirlərimi bildirmişdim. Yenə deyirəm, “Neftçi”nin oyununa kim təyinat alırsa-alsın, əsas odur ədalətli idarəçilik olsun. Biz “Neftçi” futbol klubu olaraq hər zaman ədalətli hakimliyin tərəfdarı olmuşuq”.

Hacıyev bildirib ki, “Neftçi” hazırda çox güclüdür və onların kənardan heç bir köməyə ehtiyacları yoxdur: “Hamı yaxşı bilir ki, son vaxtlar “Neftçi” ətrafında yaradılan bütün söz-söhbətlər şər-böhtandan, qərəzdən başqa bir şey deyil. Bu gün “Neftçi” çox güclü heyətə malikdir və ona görə də komandamızın kənar qüvvələrin köməyinə ehtiyacı yoxdur. “Simurq” klubunun baş məşqçisinin hakimliklə bağlı fikirlərinə hörmətlə yanaşıram və bir daha bəyan edirəm ki, “Neftçi” hər zaman haqqın, ədalətin carçısı və tərəfdarı olub. İnanıram ki, kimliyindən asılı olmayaraq “Simurq” – “Neftçi” oyununun hakimləri ədalətli görüş idarə edəcəklər. Qoy, sonda güclü qalib gəlsin”.

Qeyd edək ki, “Simurq” – “Neftçi” matçı sabah saat 16:00-da start götürəcək.

Xəbər 1049 dəfə oxundu.