Fariz Məmmədov: Səhv etdim, onu düzəltməyə gedirəm
«Qəbələ» İdman Klubununun peşəkar boksçusu Fariz Məmmədov əvəz matçına hazırlaşır. İdman.com.az saytı xəbər verir ki, ötən ilin dekabrında doğma divarlar arasında keçirilmiş döyüşdə almaniyalı Matias Pelkə uduzan təcrübəli rinq ustası, iyunda bunun revanşını çıxmaq niyyətindədir.

Bu gün sözü gedən görüşlə bağlı Qəbələnin «Karvansaray» mehmanxanasında mətbuat konfransı təşkil olundu. İlk olaraq boksçunun şəxsi məşqçisi Lazaro Ximenes danışdı. Kubalı mütəxəssis bildirdi ki, başlıca hədəf qələbədir: «Əsas məqsəd bu revanş döyüşündən qalib ayrılmaqdır. Almaniyada keçirilmiş döyüşdə Fariz fransız rəqibinə qalib gəlmişdi. Bərpa dövrünü keçirəndən sonra, birbaşa yeni hazırlığa başladı. Qəbələdə yaxşı təlim-məşq keçirdik. Fiziki cəhətdən butun tapşırıqlar yerinə yetirlib. Taktiki və texniki hazırlıq da yaxşıdır.


Fariz çalışmalıdır ki, rəqibini neytrallaşdırsın. Onu yaxşı tanıyır. Taktika odur ki, ilk raunddan təşəbbsü ələ almaq, sonrakı hissələrdə üstünlüyü daha da artırmaqdır».

Fariz Məmmədov, öz növbəsində, açıqlamasında dedi ki, əvvəlkindən fərqli, indi döyüş qabağı vəziyyət qənaətbəxşdir: «Qəbələdə son döyüşdən sonra bütün KİV-i izlədim. Mediya mənsublarından özümə qarşı heç bir mənfi rəy görmədim. Olanı yazdılar, dürüst oldular. Mənə hörmət etdilər. Sizlərə minnətdaram.

Məğlub olmağımı dilə gətirmək, mənə çətindir. Döyüşə 2 həftə qalmış sinəmdən zərbə aldım.

8 raund irəli getdim. Bunun 6-sını üstün keçirdim. Dedim, boş şeydir. Amma tədricən zədə özünün ciddiliyini göstərdi. Şəxsi həkimimə müraciət etdim. Rentjen qırığı göstərməmişdi. Müayinədə döyüşə biləcəyim bəlli oldu. Amma yaxın ətrafım söylədi ki, bu,12 raundluq görüşdür və rəqibin güclüdür. Qarşılaşma təxirə salınsın. Ancaq qələbə istəyi məni davama məcbur etdi. Artıq 2-ci raundda özümdə deyildim.

Rəqib bu arada belaruslu həmkarı ilə görüş keçirib. Bildiyimə görə, 4-cü raundda onu nakauta göndərib. Pelkin uğuru mənim onunla görüşə daha ciddi hazırlaşmağıma sövq edir.
Ötən dəfə hücumda idim. Bu dəfə mənzərə fərqli olacaq. Taktika ilə hərəkət edəcəyəm. Uzun müddətə döyüşəcəyəm. Səhv etdim, gedərəm onu düzəltməyə».

Qeyd edək ki, sözü gedən döyüş iyunun 7-də Hamburq şəhərində baş tutacaq. 8 döyüş olacaq. Sonuncu qarşılaşma Pelklə Məmmədov arasında olacaq.

Kamran HACI

Xəbər 1127 dəfə oxundu.