«Qəbələ» finala çıxışda «Anderlext»ə uduzdu
Qəbələdə 15 yaşa qədər futbolçular arasında «Qəbələ kuboku-3» beynəlxalq turniri davam edir. İdman.com.az saytının məlumatına görə, bu gün axşam keçirlmiş görüşdə yarımfinal matçları oynanıldı. İlk olaraq meydana «Fərnərbağça» ilə «Rapid» komandaları daxil oldular. Gərgin keçən mübarizədə yarışın favoriti «sarı-lacivərdlilər»in vurduğu qol matçda yeganə oldu – 1:0.

Saat 19:40-da rəqabətə «Qəbələ» və «Anderlext» qoşuldular. İlk hissənin ortalarında meydan sahibləri belçikalıları öz qapılarına doğru sıxışdırdı. Bunun məntiqi nəticəsi kimi «qara-qırmızılar» 11-metrlik cərimə zərbəsi qazandı. Hücumçu Fərid Nəbiyevin zərbəsi dəqiq oldu. «Qəbələ»nin sevinci uzun çəkmədi. «Anderlext» əks həmlədə hesabı bərabərləşdi – 1:1.

Fasilədən sonra rəqib bir qədər də fəallaşdı. Fiziki cəhətdən «Qəbələ»ni üstələyən belçikalılar, qısa zaman ərzində ev sahiblərinin qapısından 3 top keçirdi – 4:1.

İyunun 1-də 3-cü yer üçün görüşdə «Qəbələ» «Rapid»lə, finalda «Fənərbağça» «Anderlext»lə oynayacaq.

5-8-ci yerlər uğrunda qarşılaşmada «Neftçi» İtaliyanın «Udineze», «Liverpul» Moskva «Lokomotiv» ilə üz-üzə gəldi. Qrupda 1 xal belə qazanmayan Bakı təmsilçisi udinelilərə də uduzdu – 0:1. Mersisaydlılar, öz növbəsində, minimal hesabla Rusiya komandasını üstələdi – 2:1.

Qeyd edək ki, qrup mərhələsində fərqli yarımfinal görüşləri hər hissədə matç 20 deyil, 25 dəqiqə oynanılır.

Xəbər 802 dəfə oxundu.