Boksçularımızın rəqibləri bəlli oldu
Çin Xalq Respublikasının Nanjinq şəhərində keçiriləcək yeniyetmələrin II Olimpiya oyunlarında çıxış edəcək boksçuların siyahısı bəlli olub. Təsnifat mərhələsində mübarizə aparan 500 idmançıdan yalnız 78-i Olimpiadaya vəsiqə qazanıb. Onlardan 60-ı oğlanların, 18-i isə qızların yarışında gücünü sınayacaq. Azərbaycan milli komandasının 3 üzvü də Nanjinq Olimpiadasında rinqə çıxacaq. Rüfət Hüseynov (49 kq), Məsud Yusifzadə (52 kq) və Məhəmmədəli Tahirov (91+kq) Sofiyada keçirilən gənclər arasında dünya birinciliyində Olimpiadaya vəsiqə qazanıblar. Artıq boksçularımızın Çindəki rəqibləri də məlumdur. 49 kq çəki dərəcəsində yarışacaq dünya birinciliyinin bürünc mükafatçısı Rüfət Hüseynovun mümkün rəqibləri qazaxıstanlı Şalkar Aikhinbay, özbəkistanlı Süleymon Latipov, hindistanlı Şyam Kakara, yaponiyalı Subaru Murata və türkiyəli Mert Karaklıç olacaq. Dünya birinciliyinin bürünc mükafatçısı Məsud Yusifzadəni də (52 kq) güclü rəqiblər gözləyir. Boksçumuzla bir çəki dərəcəsində ABŞ-dan Şakur Stevenson, Böyük Britaniyadan Məhəmməd Əli, Çindən Lv Pinq, Bolqarıstandan Daniel Asenov və Hindistandan Qaurav Solanki mübarizə aparacaq. Məhəmmədəli Tahirova (91+kq) gəlincə, həmyerlimiz amerikalı Rok Daramni, almaniyalı Peter Kadiru, macarıstanlı Lazlo Komor, rusiyalı Marat Kerimxanov və argentinalı Kevin Espindola ilə qarşılaşa bilər. Nnjinqdə boks yarışları avqustun 23-dən 27-ə kimi keçiriləcək.

Xəbər 1018 dəfə oxundu.