«Qəbələ» İtaliya klubunu məğlub etdi
Bu gün Qəbələdə 15 yaşa qədər futbolçular arasında «Qəbələ kuboku-3» beynəlxalq turnir start götürdü. İdman.com.az saytının məlumatına görə, uşaq futbolunun inkişafını daim diqqət mərkəzində saxlayan, bu istiqamətdə böyük layihələr həyata keçirən «Qəbələ» İdman Klubu, cari mövsüm də Avropanın tanınmış klublarını Azərbaycana dəvət edib.

Yarış saat 10:00-da başladı. Təşkilatçı komanda starda İtaliya «Udineze»sini qəbul etdi. Qarşılıqlı hücumlar şəraitində keçən matçda hesabı meydan sahibi açdı. «Qəbələ»dən 12-ci dəqiqədə Cavidan Qasımlı fərqləndi. Sonrakı vaxt ərzində hesab dəyişmədi və «qara-qırmızılar» ilk qələbəsini qazandı. «Fənərbağça» - «Liverpul» görüşündə, türkiyəlilər qalib gəldilər (1:0).

«B» yarımqrupunda Belçikanın «Anderlext» klubu Avstriya «Rapid»i 3:1 hesabı ilə üstələdi. Bu yarışda digər təmsilçimiz «Neftçi» komandası Moskva «Lokomotiv» ilə qarşılaşdı. Matç «ağ-qaralar»ın üstünlüyü şəraitində keçsə də, Bakı təmsilçisi bu təşəbbüsdən yararlana bilmədi. Əvəzində, «dəmiryolçular» 2-ci hissəsinin sonunda 2 dəfə fərqləndi – 2:0.

Qeyd edək ki, qrup mərhələsində görüşlər hər hissədə 20 dəqiqə keçirilir. 1-2-ci yerləri tutanlar yarımfinala adlayırlar. 3-4-cü pillələrdə qərarlaşanlar 5-8-ci mövqələr üçün oynayacaqlar.

Qrup oyunları mayın 29-u və 30-u, yarımfinal qarşılaşmaları və final isə iyunun 1-i keçiriləcək.

Xəbər 980 dəfə oxundu.