Arda Turan: “Mən həmişə Azərbaycanın yanındayam”
“Mən üzərində Azərbaycan sözünün yazıldığı formanı daşımaqdan qürur duyuram. Biz bir dövlət, iki millətik. Azərbaycan prezidenti İlham Əliyevə “Atletiko”nun dəstəklədiyi üçün təşəkkür edirəm. Bilirəm ki, o da bizim uğurlarımıza sevinib”.

Bu sözləri Bakıda səfərdə olan Madridin “Atletiko” klubunun futbolçusu Arda Turan jurnalistlərə müsahibəsində söyləyib.

Türkiyə millisinin oyunçusu Azərbaycan futbolunu internetlə izlədiyini də deyb. O, ölkəmizdə böyük idman yarışlarının keçirilməsindən xəbərdar olduğunu, Bakının isə gündən-günə daha da gözəlləşdiyini vurğulayıb: “Biz bir il əvvəl bura gəlmişdik. Buna baxmayaraq, xeyli müsbət dəyişiklik var”.

Türkiyəli mütəxəssislər Mustafa Dənizli və Güvənc Kurtarın Azərbaycan Premyer Liqasında uğur qazana bilməməsinə də toxunan A.Turan deyib: “Futbol sadə oyun deyil. Hər iki məşqçi Türkiyədə sayılıb-seçilən mütəxəssisdir. Mustafa Dənizli Türkiyə çempionatında və millisində yetərincə uğur qazanmış məşqçidir. Görünür, burada onun işi alınmadı. Onun faəliyyətini yalnız “Xəzər Lənkəran”la əlaqələndirmək doğru olmaz”.

Arda Turan Xocalı soyqırımı ilə bağlı çağırışına görə erməni diasporu tərəfindən ona təzyiq göstərilməsi ilə bağlı sualı isə belə cavablandırıb: “Mən həmişə Azərbaycanın yanındayam. Sizin uğurunuz və kədəriniz həm də Türkiyənindir. Başqa cür ola da bilməz”.

Xəbər 866 dəfə oxundu.