AMKF və ABB-nin daha bir birgə layihəsi
Azərbaycan Mİlli Karate Federasiyası (AMKF) və baş sponsor Azərbaycan Beynəlxalq Bankının (ABB) növbəti birgə layihəsi başa çatdırılıb. Yeniyetmə və gənclərdən ibarət seçmə komandaların üzvlərini təhsil aldıqları orta məktəblərdə dəstəkləmək məqsədi ilə həyata keçirilən «Məktəbli Ulduzlar» layihəsi Bakı və Abşeron ərazisinin 16 orta təhsil ocağını əhatə edib.

AMKF-in Media və İctimaiyyətlə əlaqə şöbəsinin reallaşdırdığı «Məktəbli Ulduzlar» layihəsində Azərbaycanın ən titullu karate ustalarından dəfələrlə dünya və avropa çempionatlarının, eləcə də mötəbər beynəlxalq turnirlərin qalib və mükafatçıları Rəfael Ağayev, Şahin Atamov və Niyazi Əliyev iştirak edib. Aşağı yaş qurupları üzrə seçmə komandaların üzvlərinin məşqlər və yarışlarda iştirak etməsinə şərait yaratdıqları üçün təhsil ocaqlarının direktorlarına AMKF və ABB-nin təsis etdiyi fəxri fərmanlar, təşəkkür məktubları və federasiyanın uğurlarını əks etdirən illik təqvimlər təqdim edilib.

Layihəni yüksək qiymətləndirən orta məktəb direktorları belə işlərin davam etdirilməsinin şagirdlər arasında idmana daha çox maraq yaradacağını bildiriblər.

AMKF və ABB-nin ölkədə karatenin təbliği və kütləviliyi istiqamətində birgə layihələri bundan sonra da davam etdiriləcək.

Xəbər 1100 dəfə oxundu.