Avrokubok həyəcanı başlayır!

Bu il ölkəmizi qadın voleybolçular arasında keçiriləcək “Challenge Cup” (Çağırış kuboku) da 2 klubumuz təmsil edəcək. Bunlar “Bakı” və “Lokomotiv” komandalarıdır.
“Dəmiryolçular” 30 noyabrda səfərdə Macarıstanın “Vasas Obuda ” klubu ilə görüşəcəklər. Cavab görüşü dekabrın 8-də Bakıda olacaq. Matç 18:00-da başlayacaq.
Paytaxtın eyni adlı klubu dekabrın 1-də Bakı İdman Sarayında Fransanın “Evreuks” klubu ilə görüşəcək. Matç saat 19:00-da start götürəcək. Cavab qarşılaşması 1 həftə sonra rəqib meydanında baş tutacaq.
Bu mövsüm ölkəmizi CEV kubokunda təmsil edəcək “İqtisadçı” klubu, noyabrın 29-da saat 18:00-da Bakı İdman Sarayında Rumıniyanın “Dinamo Romprest” kollektivini qəbul edəcək. Cavab görüşü səfərdə dekabrın 7-də keçiriləcək.
Bildiyimiz kimi, cari rəqabətdə Azərbaycanın şərəfini Çempionlar Liqasında “Azərreyl” və “Rabitə” klubları qoruyacaqlar. “D” qrupunda mübarizə aparan “dəmiryolçular” noyabrın 29-da saat 21:00-da səfərdə Rumıniyanın “Tomis ” klubu ilə qarşılaşacaq. “Azərreyl” 8 gün sonra Bakı İdaman Sarayında İtalyanın “Volley Berqamo” komandasını qonaq edəcək.
“B” qrupunda yer alan “Rabitə” dekabrın 1-də saat 17:00-da “Sərhədçi” Olimpiya-İdman Mərkəzində Fransanın “ASPTT Mulhauz” kollektivi ilə görüşəcək. Klublararası son dünya çempionu dekabrın 7-də saat 22:00-da səfərdə Almaniyanın “Dresdner” komandası ilə münasibətlərinə aydınlıq gətirəcək.

Xəbər 981 dəfə oxundu.