Heydər Əliyev kuboku start götürür
30 may - 1 iyunda Xaçmaz rayonunun Nabran qəsəbəsində səmti müəyyən etmə idman növü üzrə ümummilli lider Heydər Əliyev adına beynəlxalq kubok yarışı keçiriləcək. İdman.com.az saytı xəbər verir ki, turnir Səmti Müəyyən Etmə İdman Federasiyası tərəfindən, Xaçmaz rayon İcra Hakimiyyəti, Vergilər Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Sərhəd Xidmətinin dəstəyi ilə təşkil olunur.

Qeyd olunan yarışa Azərbaycanın müxtəlif nazirlik, idarə, təşkilat, ali təhsil müəssisəsi, idman klubları və sairləri təmsil edən 20-dən çox komanda və 12 ölkədən təşrif buyurmuş idmançılar qatılacaqdır. Onu da qeyd etmək lazımdır ki, yarışın hakimlər kollegiyasının tərkibinə xarici mütəxəssislər də daxil edilmişdir.

Bu il keçirilən yarışa özəllik verən əsas yeniliklərdən biri də odur ki, idmançıların yarışacağı ərazidə video - nəzarət məntəqəsi quraşdırılacaq və beləliklə idmançıların meşədəki hərəkətini canlı olaraq yarış mərkəzində, Federasiyanın rəsmi saytında izləmək mümkün olacaqdır.

Yarış Elit, Open (yeni başlayanlar qrupu) və Junior (uşaqlar) kateqoriyaları üzrə verilmiş istiqamətdə həm komanda, həm də fərdi hesabda keçirilir. Yarış prosesində idmançılar öz kateqoriyasına uyğun məsafəni keçib idman xəritəsində qeyd olunmuş nəzarət məntəqələrində müəyyən ardıcılıqda qeyd olunmalıdırlar.

Xəbər 2699 dəfə oxundu.