«Futbolçuları kənardan gələn təzyiqlərdən qoruya bildim»

«Bakı» klubu Unibank Premyer Liqasına istədiyi kimi başlamadı. Bir neçə görüşdə vacib xallar itirən «zolaqlılar»da üstəlik, 11-mertlik cərimə zərbəsini dəqiq yerinə yetirməmək sindromu yarandı. Qazandığı 5 penalti epizodunu qola çevirə bilməyən paytaxtlıların düşdüyü çətin psixoloji vəziyyətdən çıxacağını heç kim gözləmirdi. Amma tədricən, komanda özünə gəldi, oyununu tapdı və stresi üzərindən ata bildi. «Bakı»nın baş məşqçisi Aleksandr Starkov idman.com.az saytının əməkdaşı ilə söhbətdə, bu vəziyyətdən çıxmaqlarına belə aydınlıq gətirib: «İlk öncə, mən futbolçuları kənardan gələn təzyiqlərdən sığortalaya bildim. Sözsüz ki, çempionatın gedişində müəyyən dəyişikliklər də etdik. Futbolçular da yavaş-yavaş kollektivə tam uyğunlaşdılar. Məsələn, Cəmşid Məhərrəmov yarışmanın əvvəlində heyətə düşməkdə çətinlik çəkirdi. İndi o, komandanın aparıcı simalarındandır. Fikrimcə, görəcəyimiz işlər hələ qabaqdadır. Bunlardan sonra inkişaf da olacaq, oyunumuzun səviyyəsi daha artacaq».

KAMRAN

Xəbər 1347 dəfə oxundu.