Xüsusi olimpiyaçılar Gəncədə və Göyçayda yarışıblar

Gənclər və İdman Nazirliyinin 2011-ci il üçün tədbirlər planına uyğun olaraq Azərbaycan Xüsusi Olimpiya Komitəsi UNİCEF-in maliyyə dəstəyi ilə Gəncə və Göyçay şəhərlərində Komitənin yerli regional filiallarını təsis edib, eyni zamanda yerli məşqçi müəllimlərin və könüllülərin köməkliyi ilə əqli imkanları məhdud xüsusi qayğıya ehtiyacı olanların sağlam uşaqlarla birgə mütəmadi olaraq təlim-məşq proseslərinə və idman oyunları yarışlarına cəlb olunması layihəsini həyata keçirib.
Layihə may ayından noyabradək davam edib. Bu dövr ərzində 300-ə yaxın oğlan və qız təlim-məşq prosesinə cəlb olunub, onlardan 240 nəfəri isə noyabrın 10-da Göyçayda və noyabrın 20-də isə Gəncə şəhərlərində mini-futbol və voleybol yarışlarında iştirak ediblər. Hər iki şəhərdə keçirilən tədbirlər Olimpiya İdman Kompleksində təşkil olunub. Bu layihənin davam etdirilməsi 2015-ci ilə kimi mütəmadi olaraq hər il ardıcıllıqla Naxçıvan, Salyan, Quba, Qəbələ, Zaqatala və Tovuz rayonlarında da həyata keçiriləcək. Məqsəd Azərbaycan regionları üzrə Xüsusi Olimpiya hərəkatının kütləviliyinə nail olmaq, əqli imkanları məhdud xüsusi qayğıya ehtiyacı olan uşaqları sağlam idmançıların təlim-məşq prosesinə cəlb etmək, onların birgə idman yarışlarını təşkil etmək və bu yolla da onları bərpa etmək və sağlam cəmiyyətə qaytarmaqdır.

Xəbər 1380 dəfə oxundu.