İbrahimov Məmməd Süleyman oğlu
İbrahimov Məmməd Süleyman oğlu 21 mart 1946-cı ildə Bakı şəhərində anadan olub.
1971-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib. M.İbrahimov 1966-cı ildə gənclər arasında SSRİ çempionu, 1973-cü ildə SSRİ çempionatında II yeri, 1974-cü ildə İspaniyada keçirilmiş Avropa çempionatında II yeri, 1977-ci ildə SSRİ Kubokunun komanda yarışında II yeri tutub. 1980-91-ci illərdə sərbəst güləş üzrə Azərbaycan yığma komandasının baş məşqçisi vəzifəsində çalışıb. Bu dövr ərzində onun yetirmələri keçmiş SSRİ məkanında keçirilmiş yarışlarda mükafata layiq yerlər tutublar. Hal-hazırda «Spartak» Könüllü Bədən Tərbiyəsi İdman Cəmiyyətinin Respublika Şurasında sərbəst güləş üzrə məşqçi-müəllim vəzifəsində çalışır. Keçmiş SSRİ-nin idman ustası, Beynəlxalq dərəcəli idman ustası, Azərbaycan Respublikasının Əməkdar məşqçisi, «Fəxri bədən tərbiyəsi və idman işçisi» adlarına layiq görülüb.

Azərbaycan Respublikası Prezidentinin 05 mart 2008-ci il tarixli Sərəncamı ilə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülüb.

Xəbər 2317 dəfə oxundu.