“Samur” klubu əzmkar qələbə qazandı
Yola saldığımız həftənin şənbə və bazar günləri 15 və 17 yaşınadək oğlanlardan, eləcə də qadın otüstü hokkeyçilərdən ibarət komandalar ölkə çempionatında və birinciliklərində növbəti turların oyunlarını keçiriblər. Şənbə günü ilk olaraq qadın otüstü hokkeyçilər mübarizəyə qoşulublar.VI tur çərçivəsində “Sumqayıt” və “Bakı” komandalarının görüşündə paytaxt hokkeyçiləri rəqiblərinin qapısından 7 cavabsız top keçiriblər. 5 qolun müəllifi Xalidə Zeynalova olub. Aqata Mejinskaya 2,Gülər Aydınlı isə 1 dəfə fərqlənib. Turun ən maraqlı və prinsipial matçı isə “Atasport-2” və “Samur”(Qusar) komandaları arasında keçirilib. Həmin oyunda şimal bölgəsinin təmsilçiləri ilk olaraq Kamalə Qazıxanova vurduğu qolla hesabda irəli çıxıblar. Lakin bir-neçə dəqiqə sonra Həvva Əliyeva hesabı bərabərləşdirib. Bu azmış kimi, Ceyhunə Məhərrəmovanın vudruğu 2 top isə “Apasport-2” komandasının 3:1 hesabı ilə fasiləyə üstün durumda yollanmasına şərait yaradıb. Amma deyəsən paytaxt hokkeyçiləri qələbəyə vaxtından əvvəl arxayınlaşıblar. Əzmkar Qusar hokkeyçiləri isə məğlubiyyətlə barışmaq istəməyərək Günay İsmayılovanın vurduğu 2 qolla hesabı bərabərləşdirmiş, sona 5 dəqiqə qalmış isə Əsmər Şərifova həlledici topu vuraraq “Samur”-un 4:3 hesablı çətin qələbəsini rəsmləşdirib. Şənbə günü keçirilən oyunlardan sonra “Atasport-2” 13 xalla vahid liderdir. 6 oyundan 12 xal toplayan Qusar hokkeyçiləri birinci dövrəni 2-ci yerdə başa vurublar. Aktivində 9 xalı olan “Bakı”komandası III pillədə qərarlaşıb. Sonuncu yeri tutan sumqayıtlı qızlar 6 görüşdən 1 xal belə toplaya bilməyərək I dövrədən sonra sonuncu yerdə qalıb.

Şənbə günü “A” və “B” qruplarına daxil olan15 yaşınadək oğlan otüstü hokkeyçilər birinci dövrəyə yekun vurublar. “A” qrupunda “Akkord”(Sumqayıt) Gəncə hokkeyçilərini 2:1 hesabı ilə məğlubiyyətə uğradıb. “Şəmkir” və “Təhsil”(Bakı) komandalarının oyununda əyalət təmsilçiləri 3:0 hesabı ilə qələbə qazanıblar.

Birinci dövrənin oyunlarından sonra “Akkord” 15 xalla yarış cədvəlinə başçılıq edir. Şəmkir hokkeyçiləri 9 xalla II yeri tuturlar. Aktivində 4 xalı olan Gəncə təmsilçiləri III pillədədirlər. Sonuncu yerdə qərarlaşan “Təhsil” komandası isə keçirdiyi 4 oyundan cəmi 1 xal toplaya bilib.

“B” qrupunda yarışan Qusarın “Şahdağ” komandası “Atasport-Binə” hokkeyçiləri ilə oyunda ərazi və oyun üstünlüyünə malik olsa da gözlənilmədən 0:2 hesabı ilə məğlubiyyətə uğrayıb. Masallı şəhər stadionunda keçirilən “Olimp”(Masallı) -“Göytəpə”(Cəlilabad) matçında cəlilabadlılar 5:0 hesabı ilə qələbə qazanıblar.

Bu qrupda Qusar hokkeyçilərinin məğlub olması “Atasport-Binə” komandasının işinə yarayıb və hazırda hər 2 rəqib 12 xalla I- II yerləri bölüşür. Topların daha yaxşı fərqinə görə Qusar hokkeyçiləri birinci dövrədən sonra irəlidədirlər. “Göytəpə” 6 xalla III pillədədir.”Olimp” komandası I dövrədə keçirdiyi 6 oyundan bir xal belə toplaya bilməyib. Bazar günü 17 yaşınadək oğlan hokkeyçilər də birinci dövrənin sonuncu-6-cı turunun oyunlarını keçiriblər. “A” qrupuna daxil olan “Atasport-Binə” və “Gəncə” komandalarının qarşılaşmasında Binə idmançıları rəqiblərini 6:1 hesabı ilə məğlubiyyətə uğradıblar. “Atasport”(Sumqayıt) və Şəki hokkeyçilərinin görüşündə 6:0 hesabı ilə qalib gələn sumqayıtlılar sevinən tərəf olublar.

“A” qrupunda 6 oyundan 16 xal toplayan “Atasport”(Sumqayıt) birinci dövrəni lider kimi başa vurub. “Atasport-Binə” 13 xalla II pillədədir. Gəncə hokkeyçiləri 6 xalla III, bütün oyunlarda məğlub olan “Şəki” komandası isə qrup sonuncusudur.

Masallı şəhər stadionunda yarışan 17 yaşınadək oğlanlar arasında da 1 oyun olub.”B” qrupuna daxil olan yerli “Olimp” və “Xəzər”(Lənkəran) komandalarının qarşılaşmasında meydan sahibləri 1:0 hesabı ilə qalib gəliblər.

Bu qrupda “Olimp”(Masallı) 10 xalla birinci dövrəni lider kimi başa vurub. “Xəzər” (Lənkəran) komandası 4 görüşdən 5 xalla II yerdə qərarlaşıb. Astara hokkeyçiləri isə birinci dövrədən sonra 4 oyundan 1 xal toplayaraq sonuncu-III yeri tuturlar.

Otüstü hokkey üzrə 15 yaşınadək oğlanlardan ibarət komandaların ölkə birinciliyində növbəti turun oyunları mayın 24-də keçiriləcək.

Xəbər 2025 dəfə oxundu.