"Qarabağ"ın daha iki potensial rəqibi müəyyənləşdi
Yeni mövsümdən Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək "Qarabağ" klubunun mötəbər turnirdə daha iki potensial rəqibi müəyyənləşib.

Bunlar İsveçin "Malmö" və Makedoniyanın "Rabotniçki" klublarıdır.

Öz ölkələrinin çempionu olan hər iki komanda Çempionlar Liqasının püşkü zamanı səpələnməmişlər səbətində yer alacaq ki, bu da həmin klubları "Qarabağ"la üz-üzə qoya bilər.

Buna qədər Ağdam təmsilçisinin 8 potensial rəqibinin kimliyi bəlli idi. Həmin klublar bunlardır: "Stromsqodset" (Norveç), TNS (Uels), "Sent Patriks" (İrlandiya), "Skenderbeu" (Albaniya), "Valetta" (Malta), "Zrinski" (Bosniya və Hersoqovina), "Kliftonvill" (Şimali İrlandiya), "Jalgiris" (Litva).

Bundan əlavə HİK (Finlandiya), "Dinamo" (Tiflis, Gürcüstan), Monteneqro və Lüksemburq çempionlarının da "Qarabağ"ın potensial rəqibləri sırasında qərarlaşacağı gözlənilir. I təsnifat mərhələlərinin iki qalibi də Ağdam təmsilçisinin potensial rəqibləri arasında yer alacaq. UEFA müharibə şəraitində olan ölkələrin təmsilçilərinin üz-üzə gəlməsinə icazə vermədiyindən I təsnifat mərhələsinin iştirakçısı, Ermənistan çempionu "Banants" klubu "Qarabağ"la qarşılaşa bilməyəcək.

Qeyd edək ki, Çempionlar Liqasının I və II təsnifat mərhələlərinin püşkü iyunun 23-də atılacaq. Son Azərbaycan çempionu püşk zamanı səpələnmişlər səbətində yer alacaq ki, bu da təmsilçimizin nisbətən zəif rəqiblə qarşılaşmasına şərait yaradacaq.

Xəbər 839 dəfə oxundu.