Fatih Kavlak: "Komandada psixoloji gərginlik var idi"

Unibank Premyer Liqasının XIII turunda doğma azarkeşləri önündə son çempion “Neftçi”ni məğlub edən “Qəbələ” turnir cədvəlinin altıncı pilləsinə yüksəldi. Toni Adamsın yerinə “Qəbələ”yə baş məşqçi təyin olunan Fateh Kavlak ilk sınaqdan üzüağ çıxdı. www.pfl.az saytına verdiyi açıqlamada türkiyəli futbol mütəxəssisi “Neftçi”ni məğlub etməklə komandanın üzərindəki psixoloji gərginliyin aradan qalxdığını bildirdi: “Son turlar komanda stabil oyun nümayiş etdirə bilmirdi. Buna görə də futbolçular üzərində psixoloji gərginlik var idi. “Neftçi” ilə oyuna çox yaxşı hazırlaşmışdıq. Oyunun gedişində əldə etdiyimiz üstünlüyü sona qədər qoruya bildik və qalib gəldik. Həmin oyunda nəinki meydanda olan futbolçulardan, bütün komandadan çox razı qaldım. Çempionatda çıxış edən digər 10 komandadan soruşsaydılar ki, bu tur hansı komanda ilə oynamaq istəməzsiniz, onlar “Neftçi” və “Qəbələ” cavabını verərdilər. Çünki, “Neftçi” ondan əvvəlki turda lider “Xəzər Lənkəran” üzərində inamlı qələbə qazanmışdı və lənkəranlılar “Rəvan” ilə heç-heçə etdikdən sonra “Neftçi” tam gücü ilə oynayıb zirvəyə yüksəlməyə çalışacaqdı. “Qəbələ”də isə məşqçi dəyişikliyi olmuşdu, komanda üzərindəki psixoloji gərginliyi atmaq üçün qalib gəlmək istəyirdi”.

Xəbər 1161 dəfə oxundu.