Vyanada ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş futbol turniri keçirilib
Mayın 11-də Vyana şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş futbol turniri keçirilib.

Turnir Azərbaycanın Avstriyadakı səfirliyinin dəstəyi ilə Vyanada təhsil alan azərbaycanlı gəncləri özündə birləşdirən Azərbaycan Akademik Birliyi tərəfindən təşkil olub.

Tədbirdə Vyanada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, müxtəlif ölkələrdən bu şəhərdə təhsil alan gənclər, Avstriyada yaşayan soydaşlarımız, idmansevərlər iştirak etmişlər.
Turnirdə altı komanda mübarizə aparıb. Gərgin mübarizə şəraitində keçən turnirin finalında “SK Qarabağ“ və „FC Sans Papiers“ komandaları qarşılaşıblar. Mübarizəni əzmlə davam etdirən „SK Qarabağ“ komandası 6:3 hesabı ilə qalib gələrək, turnirin qalibi olub.

Sonda turnir iştirakçılarına medallar və kubok təqdim olunmuş, xatirə şəkli çəkdirilib.

AzərTAc

Xəbər 1019 dəfə oxundu.