Mirkamil Rəhimov: “Foqts qalmalıdır”

“Berti Foqtsun Azərbaycan milli komandasının baş məşqçisi kimi fəaliyyətini qənaətbəxş sayıram. Hesab edirəm ki, o, növbəti müddətə də postunda qalmalıdır”. Bunu Lent.az-a açıqlamasında AFFA İcraiyyə Komitəsinin (İK) üzvü Mirkamil Rəhimov deyib. Onun fikrincə, AFFA İK-nın növbəti iclasında Foqtsla müqavilənin uzadılma məsələsi müsbət həllini tapa bilər. Hər halda, İK üzvü almaniyalı mütəxəssisin yığmamızda qalmasına səs verəcəyini deyib: “Foqtsun rəhbərliyi altında yığmamız son seçmə mərhələdə əvvəlkilərdən daha çox - 7 xal yığıb. Növbəti tsikldə toplanan xallar bundan da çox ola bilər. Bu gün Foqtsun əlinin altında lazımi material yoxdur ki, güclü komanda yaratsın. Etiraf etməliyik ki, idmançılarımız komanda növlərində çox əziyyət çəkirlər. Yığma səviyyəsində zəifik. Futbolçu yetişdirməyə vaxt lazımdır. Hazırda bu istiqamətdə işlər görülür. “Qəbələ”, “Bakı” klublarında uşaq futboluna göstərilən diqqət və qayğı ilə şəxsən tanışam. Bu işlərin nəticəsi bir neçə ildən sonra əyani şəkildə görünəcək”.
İK üzvü Foqtsa yaradılan şəraitin əvvəllər millimizə rəhbərlik etmiş yerli baş məşqçilərə də yaradıldığını iddia edib: “İndiyədək yığmamızda Ağasəlim Mircavadov, Vaqif Sadıqov, Əsgər Abdullayev, Şahin Diniyev və digər yerli mütəxəssislər çalışıblar. Onlar üçün də istədikləri şərait yaradılıb. Sadəcə, bəlkə də daha artığını tələb etməyin gərəkliyini bilməyiblər. Vaxtilə yığmamız yoldaşlıq görüşü keçirməyə rəqib tapmaqda belə çətinlik çəkirdi. Çünki o vaxt millimiz zəif idi”.
Qeyd edək ki, Mirkamil Rəhimov həm də Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiridir. Lakin o, nazirliyin mövqeyindən yox, AFFA İK-nin üzvü kimi danışdığını bildirib.

Xəbər 1060 dəfə oxundu.