Mövsümün 400-cü qolu
Azərbaycan Premyer Liqasında 2013/2014 mövsümünün 400-cü qolu vurulub.

İdman.com.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, yubiley qolu “Rəvan”la “Simurq” arasındakı matçda qeydə alınıb. Oyunun 26-cı dəqiqəsində penaltidən vurduğu topla paytaxt təmsilçisinə 1:0 hesablı qələbə qazandıran Xuan Manuel Varea 34-cü turun və günün 8-ci qoluna imza atıb. Əvvəlki 33 turda 392 qol vurulduğundan “Rəvan”ın argentinalı legionerinin topu cari mövsümün 400-cü qolu olub.

Maraqlıdır ki, 300-cü qol da bu komandaların oyununda vurulmuşdu. 3-cü dövrənin 25-cı turuna təsadüf edən oyunda Rəşad Eyyubov “Rəvan”ı məyus etməklə yubiley qoluna imza atmışdı.

Qeyd edək ki, mövsümün ilk qolunu avqustun 12-də “Qəbələ” ilə ev oyununda “Bakı”nın litvalı legioneri Mindauqas Kalonas vurmuşdu. 100-cü qol AZAL-ın oyunçusu Qərib İbrahimovun, 200-cü isə onun komanda yoldaşı Con Olureminin hesabındadır. Onlar müvafiq olaraq 9-cu turun “Simurq” və 18-ci turun “Neftçi” ilə qarşılaşmalarında fərqləniblər.

Xəbər 771 dəfə oxundu.