“Tour d’Azerbaidjan-2014”də ilk mərhələ
Bu gün “Tour d’Azerbaidjan-2014” veloyürüşünə start verilib. 25 komandanın qatıldığı və 5 mərhələdən ibarət olan yarışın 154 km-dən ibarət ilk mərhələsi başa çatıb.

İdman.com.az saytının məlumatına görə, Dövlət Bayrağı Meydanının dəstəyi ilə buradan start götürüb, Sumqayıtda başa çatan yürüşün qalibi İtaliyanın “Androni Giocattoli” klubunun üzvü, hollandiyalı Kenni van Hummel olub – 3 saat, 46 dəqiqə, 38 saniyə. O, növbəti mərhələdə liderin daşıdığı göy köynəklə çıxış edəcək. Ən yaxşı sprinterə verilən yaşıl köynək də ona qismət olub.

Ukraynanın “Kolss Cyclind Team” komandasının velosipedçisi Vitali Buts 2-ci olub. Bu idmançı ən yaxşı dağ velosipedçisi kimi qırmızı köynəyə də sahib çıxıb. İspaniyanın “Caja Rural Seguros” komandasında çıxış edən italiyalı David Viqano 3-cü olub. “Synergy Baku” komandasında ən yaxşı göstəriciyə Maksim Averin imza atıb – o finiş xəttəni liderlə eyni vaxtda keçsə də, 4-cü olub.

Ən yaxşı gənc velosipedçi isə Aleks Frey olub. İsveçin “Development Team Giant- Shimano” komandasının üzvü ağ-bənövşəyi köynəyə sahib çıxıb.

“Azərbaycana gəlməzdən əvvəl məni ölkənizin necə olması düşündürürdü. Gəlib hər şeyin əla olduğuna şahid oldum”. Bu sözləri veloyürüşün 1-ci mərhələsinin qalibi Kenni van Hummel deyib.

O, yürüşdən sonra keçirilən mətbuat konfransında qələbəsinə şərh verib: “Yollarınız çox gözəldir. Fikrimcə, bu gedişlə yarış yalnız inkişaf edə bilər. Startdan əvvəl küləkdən ehtiyat edirdim. Çünki güclü külək əsirdi. Lakin 5 km qət edəndən sonra bir az rahatlaşdım. Finişə 500 m qalmış məni irəli gətirdilər. 300 m qalmış isə özüm irəli sıçradım. Hələlik özümü yarışın deyil, mərhələnin qalibi görürəm. Sabah da eyni uğuru qazanmağa çalışacam”.

Mətbuat konfransında iştirak edən “Tour d’Azerbaidjan-2014” veloyürüşünün fəxri qonağı, 2008-ci il “Tour de France”in qalibi, ispaniyalı Karlos Sastre isə 1-ci mərhələ ilə bağlı fikirlərini bildirib: “Bu yarışın böyük potensialı var. Bütün dünya Azərbaycan turunu izləyir. Hər şey çox yüksək səviyyədədir. Velosipedçilər küləyə əks istiqamətində irəliləməli idilər. Yürüşün 1-ci qrupu ilə ikincilər arasında təxminən 10 dəqiqə fərq var idi. Burada əla şərait var. İdmançılar və qonaqlar üçün yaradılan imkanlar gözəl təəssürat yaradır”.

“Bu günkü mərhələnin fərqlənənləri çox çətin şəraitdə mübarizə aparıb, qalib oldular. Azərbaycanda 11 iqlim qurşağından 9-u var bu gün də bunlardan birini qonaqlara göstərdik”. Bu sözləri Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti, yarışın Təşkilat Komitəsinin sədri Sahib Ələkbərov deyib.

O “Tour d’Azerbaidjan” veloyürüşünün bu gün keçirilən I mərhələsindən sonra baş tutan mətbuat konfransında yarış haqda danışıb: “İdmançılar səhra və yarımsəhra ilə tanış oldular. Sabah isə İsveçrə və Avstriya iqlimlərini görəcəksiz. Növbəti mərhələlərdə başqa bir gözəlliyin şahidi olacaqsız. “Sinergy Baku”nun üzvü Maksim Averinin göstəricisi yaxşıdır. Komandamız liderlər qrupuna düşə bildi. Düşünürəm ki, növbəti mərhələlərdə velosipedçilərimiz özlərini daha yaxşı göstərəcəklər. Sumqayıtda da hər şey əla idi və buna görə də şəhər rəhbərliyinə öz təşəkkürümü bildirirəm. Gələcəkdə də belə və hətta daha yaxşı olacaq”.

Qeyd edək ki, veloyürüşün ikinci mərhələsi sabah Bakıdan başlayıb, İsmayıllıda bitəcək. Velosipedçilər finiş xəttinə çatmaq üçün 187 km məsafə qət edəcəklər.

Xəbər 915 dəfə oxundu.