Azərbaycan komandasının kapitanı xəstələndi
Şişabanqma dağının fəthinə yollanan Azərbaycan alpinistləri İsrafil Aşurlı və Firuz Dadaşov mayın 1-də ciddi problemlə rastlaşıblar.

Bir həftəlik fırtınalı külək və qardan qabaq gözlənilən 2-günlük xoş hava haqqında məlumat alan idmançılar Aşurlı, Dadaşov, Aleks Barber (ABŞ) və Azim Qeyçisaz (İran) hücum barəsində qərara gəliblər. Bir gün ərzində idmançılar ana düşərgədən ikinci düşərgəyədək sürətlə keçib, 1,2 km yuxarıya tərəf irəliləyiblər. Lakin ertəsi gün İsrafil Aşurlının qəfildən özünü pis hiss etməsinə görə alpinistlərimiz hücum düşərgəsi istiqamətində gedə bilmədilər.

Həkimlə əlaqə quran zaman məlum oldu ki, idmançının yüksək hərarəti hələ başlanğıcdır - sən demə, İsrafil Aşurlıda ağ ciyərin şişməsinin ilk əlamətləri müşahidə olunur.

Faciəyə yol verməmək üçün alpinistlər təcili olaraq enmə qərarına gəldilər. Lakin xəstəlik ucbatından ana düşərgəyə eniş iki gün vaxt aldı. Düşərgənin 5700 m hündürükdə yerləşməsi xəstənin ağ ciyərləri üçün hələ də təhlükəli olduğundan ona süni oksigen verilirdi. Xəstənin halının normallaşması üçün ona daha çox enmək lazım idi. Dünənki gün ərzində alpinistlərimiz Nepalla həmsərhəd olan Janq Mu (1600 m) şəhərciyinə çatdılar.

Azərbaycan Alpinizm Federasyası komanda liderinin xəstələnməsi ilə əlaqədar Şişabanqma ekspedisiyanın dayandırılması haqqında bildirir.

Xəbər 2144 dəfə oxundu.