Topaz Premyer Liqasının XXXIII turu Baçana Sxadadze üçün əlamətdar olub
utbol üzrə Topaz Premyer Liqasının XXXIII turu “İnter” komandasının gürcüstanlı legioneri Baçana Sxadadze üçün əlamətdar olmuşdur.

Peşəkar Futbol Liqasından AzərTAc-a bildirmişlər ki, hücumçu Azərbaycan çempionatlarında 100-cü matçına çıxmışdır. “Sumqayıt” ilə görüşdə yubileyi qeyd edən legioner bu oyunlarda 29 qol vurmuşdur.

B.Sxadadze “İnter”də keçirdiyi 87 oyunda 24, “Simurq”da 8 oyunda 5 top vurmuşdur. “Standard”da keçirdiyi 5 qarşılaşmada qol hesabını aça bilməyən legioner məhz bu komandada – 2008/2009-cu il mövsümündə debüt etmişdir. Futbolçu cari mövsümdə meydana çıxdığı 27 matçda 9 qola sevinmişdir.
Qeyd edək ki, B.Sxadadze milliləşənlər də daxil olmaqla Azərbaycan çempionatında 100 və daha çox oyun keçirən 38-ci legionerdir. B.Sxadadzeyədək gürcüstanlı futbolçulardan Georgi Adamiya, Badri Kvaratsxeliya, Qoqa Beraya, Aleksandr Qoqoberişvili, Aleksandr İntskirveli, Giorgi Lomaya, Valeri Abramidze də 100-dən çox oyun keçirmişlər.

Xəbər 826 dəfə oxundu.