Avropa Karate Federasiyasının növbəti Konqresi keçirilib
Finlandiyanın Tampere şəhərində Avropa Karate Federasiyasının növbəti Konqresi keçirilib. 15-dək məslənin daxil edildiyi konqresdə Bakı 2015 ilk Avropa Oyunlarına xüsusi yer ayrılıb. Dünya Karate Federasiyası (WKF) və Avropa Karate Federasiyasının (EKF) prezidenti Antonio Espinoz Bakı 2015 ilk Avropa Oyunlarının karatenin daha da inkişafında mühüm rol oynayacağına əmin olduğunu söyləyib. O bildirib ki, ölkə prezidenti və Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyevin və Bakı 2015 ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın xüsusi diqqətində olan bu mötəbər yarışa Azərbaycan dövlət səviyyəsində hazırlaşır. Karate yarışlarında Azərbaycan idmançılarının aşkar favoritlərdən olduğunu nəzərə çatdıran A.Espinoz həmçinin qeyd edib ki, qarşıdakı Avropa oyunları karate döyüş idman növünün Olimpiya oyunlarının proqramına daxil edilmə imkanlarını dəfələrlə artıracaq. Antonio Espinos həmçinin yüksək nəticələr və görülən effektli işlərlə bağlı ölkə prezidenti İlham Əliyevə və Azərbaycan Milli Karate Federasiyasının rəhbərliyinə təşəkkürünü ifadə edib.

Sonra Bakı 2015 Avropa Oyunlarında karate yarışlarının keçirilmə qaydası və texniki məsələlərlə bağlı konqres iştirakçılarına ətraflı məlumat verilib. EKF-in baş katibi Stefan Selan və digər rəsmilər 2013-cü ildə Budapeştdə ötən konqresdə qərara alınan məsələlərin həllini müzakirə ediblər. Təşkilatın keçən il maliyyə və auditor hesabatı dinlənilib, 2015-ci ilin büdcəsi təsdiqlənib. Bundan başqa bu ilin noyabrında Almaniyanın Bremen şəhərində böyüklərin dünya çempionatında fiziki üsurlu idmançıların iştirak edəcəyi bildirilib. Bu Avropa çempionatında ilk dəfə yeni platforma ilə video təkrarlardan istifadə edilcəyi diqqətə çatdırılıb.

Konqres Avropa Karate Federasiyasıının qarşıdakı rəsmi yarışlarının təqdimatı ilə davam edib. O cümlədən bu il İzmirdə komandalar arası Regional çempionatın, 2015-ci ilin əvvəlində İsveçrədə Yeniyetmə və gənclərin Avropa çempionatının, İstanbulda böyüklərin Avropa çempionatının və Fransada komandalar arası Regional çempionatın videoçarxları nümayiş etdirilib. Bu yarışların təşkilat komitələrinin üzvləri geniş məlumat veriblər. Cari məsələlərin müzakirəsindən sonra EKF-in növbəti Konqresinin 18 mart 2015-ci il tarixində İstanbulda böyüklərin Avropa çempionatından əvvəl keçiriləcəyi açıqlanıb.

Xəbər 1211 dəfə oxundu.