Güləş komandalarımız gümüş medal qazandılar


Moskvada sərbəst və yunan-Roma güləşi üzrə Avropa Millətlər Kuboku keçirilib. Bu yarışda ölkəmizin hər 2 milli komandası uğurlu çıxış edib.
«A» qrupunda mübarizə aparan sərbəst güləşçilərimiz bolqarıstanlı həmkarlarını 7:0, belarusluları 6:1 hesabı ilə qalib gələrək, finala adlayıblar. Həlledici görüşdə yığmamızı meydan sahibləri üstələyiblər. Gərgin keçən mübarizədə pəhləvanlarımız hesabda öndə olsalar da (3:1), sonradan bütün görüşləri uduzublar – 3:4.
Yunan-Roma güləşilərimiz də finala çıxıblar. Onlar «B» qrupunda Ukrayna komandasına 7:0, Bolqarıstana 4:3 qalib gəliblər. Qızıl medal uğrunda görüşdə Rusiya pəhləvanları həmyerlilərimizə şans verməyiblər – 7:0
Qeyd edək ki, hər 2 komandanın məşqçilər korpusu Moskvaya əsas heyətin bir neçə üzvünü aparmayıblar. Əvəzində, gənclərə şans veriblər.
Baş məşqçi Saypulla Absaidov (sərbəst güləş) Mahmud Məhəmmədov (55 kq), Toğrul Əsgərov (60 kq), Emin Əzizov (66 kq), Aleksandr Qostiyev, İbrahim Yusubov (hər ikisi - 74 kq), Novruz Temrezov (84 kq), Hacı Əlicanov (96 kq) və Aslan Cəbişovun (120 kq), yeni türkiyəli baş məşqçi Saleh Bora Eldəniz Əzizli (55 kq), Kamran Məmmədov (60 kq), Rəsul Çunayev, Azad Əliyev (hər ikisi - 66 kq), Rafiq Hüseynov, Emin Əhmədov (74 kq), Fuad Əliyev (84 kq), Araz Həsənov (96 kq) və Maksim Proxorovun (120 kq) xidmətindən yararlanıblar.
Görüşlərin idarə edilməsində ölkəmizi AGF Hakimlər Kollegiyasının sədri, beynəlxalq dərəcəli hakim Qərib Əliyev təmsil edib.

Xəbər 1006 dəfə oxundu.