Baku Fires – Astana Arlans: heyətlər məlumdur
Mayın 3-də saat 19.00-da Quba Olimpiya Kompleksində Ümumdünya Boks Seriyasının (WSB) yarımfinal mərhələsinin cavab görüşü keçiriləcək. Azərbaycanın “Baku Fires” klubu doğma divarlar arasında turnirin ötən ilki qalibi Qazaxıstanın “Astana Arlans” komandasını qəbul edəcək. Astanada keçirilmiş ilk döyüşdə yerli komanda 3:2 hesabı ilə qələbə qazanmışdı. Qeyd edək ki, cari çempionatda qrup mərhələsində də bu komandalar 2 dəfə üz-üzə gəliblər. Qazaxıstanda yerli komanda 4:1, Qubada isə eyni hesabla “Baku Fires” qələbə qazanıb.

Komandaların heyətləri artıq məlumdur:

Baku Fires - Astana Arlans

52 kq. Maqomed Abdulhəmidov – Miras Jakupov

60 kq. Albert Səlimov – Samat Başenov

69 kq. Yevgeni Ramaşkeviç – Daniyar Yeleussinov

81 kq. Mixail Dolqolevts – Hrvoje Sep

+91 kq. Hacı Murtuzəliyev – Ruslan Mırsatayev

Əlavə döyüş. 81 kq. Teymur Məmmədov – Adilbek Niyazimbetov

“Baku Fires” səfərdə 2:3 hesabı ilə uduzduğundan komandamızın finala yüksəlmək şansları yüksək qiymətləndirilir.

Boks həvəskarları yenə də Səlimov – Başenov döyüşünü izləyəcəklər. Bu idmançılar artıq bir dəfə Qubada üz-üzə gəliblər və həmin qarşılaşmada “Baku Fires” klubunun üzvü qalib gəlib. Qazaxıstan komandasının heyətində son dünya çempionu Daniyar Yeleusinov da Qubaya gələcək. 69 kq çəki dərəcəsində Almatıda qızıl medala layiq görülmüş boksçu komandamızın belaruslu üzvü Yevgeni Ramaşkeviçlə qarşılaşacaq. Yeleusinov cari mövsümdə bir dəfə rinqə çıxaraq, qələbə qazanıb.

Xorvatiyalı Hrvoje Sep də qonaq komandanın aparıcı boksçularındandır. 2011-ci ildə Avropa çempionatında bürünc medal qazanan xorvatiyalı idmançı WSB liqasında 15 döyüşdə qalib

gəlib, 6-da məğlub olub. “Baku Fires” komandasının baş məşqçisi Nuripaşa Talibov 81 kq-da bu çempionatda cəmi 1 götüş keçirən Dolqolevtsə güvənib.

Hacı Murtuzəliyevlə Ruslan Mırsateyevin növbəti görüşü də maraqla gözlənilir. 6-cı turda Qubada keçirilən qarşılaşmada Murtuzəliyev təcrübəli rəqibindən üstün olmuşdu. Bu Mırsatayevin cari mövsümdə yeganə məğlubiyyətidir.

Əgər cavab qarşılaşması 3:2 hesabı ilə komandamızın xeyrinə qutarsa, o zaman 81 kq çəki dərəcəsində əlavə döyüş olacaq. Qazaxıstan komandası bu çəkidə Olimpiya oyunları və dünya çempionatlarının gümüş mükafatçısı Adilbek Niyazımbetova güvənib. Əlavə döyüşə ehtiyac olsa, Niyazımbetova Teymur Məmmədov öz gücünü göstərməli olacaq.

Qeyd edək ki, son anda heyətdə hər hansı əvəzləmələrin olması istisna edilmir.

Digər yarımfinal qarşılaşması Kubada keçiriləcək. Xatırladaq ki, ilk görüşdə “Cuba Domaderos” Moskvada Rusiya komandasını 3:2 hesabı ilə məğlub edib.

Xəbər 956 dəfə oxundu.