“Olimpiya dünyası” qəzetinin 10 yaşını qeyd edir
Noyabrın 18-də Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Gəncliyə Yardım Fondunda “Olimpiya dünyası” qəzetinin 10 illiyinə həsr olunmuş “İdman mətbuatı və idman təşkilatlarının qarşılıqlı əlaqəsi” mövzusunda “dəyirmi masa” keçirilib.
Tədbirdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov nəşr olunduğu 10 il ərzində müxtəlif layihələrin həyata keçirilməsində iştirak etmiş “Olimpiya dünyası” qəzetinin yaranma tarixi və fəaliyyəti barədə məlumat verib.
Milli Olimpiya Komitəsinin (MOK) orqanı kimi 2001-ci il noyabrın 17-də qəzetin ilk sayının işıq üzü gördüyünü deyən idarə rəisi bildirib ki, bu mətbu nəşr idmanımızda gedən prosesləri, baş verən hadisələri diqqətlə izləməklə yanaşı, bədən tərbiyəsinin kütləviləşməsinin inkişafı məsələsinə də həssaslıqla yanaşıb.
Qəzetin baş redaktoru, əməkdar jurnalist Murad Fərzəliyev deyib ki, 1997-ci ildə dövlətimizin başçısı İlham Əliyev MOK-a prezident seçildikdən sonra ölkəmizdə idman sürətlə inkişaf etməyə başlayıb. İdman sahəsində əldə olunmuş nailiyyətləri işıqlandırmaq və olimpiya hərəkatını təbliğ etmək üçün yeni bir nəşrə ehtiyac duyulurdu. Məhz bu ehtiyacı ödəmək məqsədi ilə “Olimpiya dünyası” qəzeti təsis edildi. Fəaliyyətə başladığımız ilk günlərdə kadr çatışmazlığı yaransa da, qısa müddətdə bu problemi aradan qaldıra bildik. İndi işimiz MOK tərəfindən yüksək qiymətləndirilir.
Rəhbərlik etdiyi qəzetin idman jurnalistlərinin yetişməsində böyük rol oynadığını söyləyən baş redaktor idman təşkilatları və qurumları ilə sıx əlaqə saxladıqlarını bildirib.
Milli Olimpiya Komitəsinin məsul işçisi Nazir Rəhimov, Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Teçim, Təhsil Respublika İdman Mərkəzinin direktoru Cəfər Hümbətov, “İdman” qəzetinin baş redaktoru Qabil Mehdiyev, Yasamal Rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov və başqaları Azərbaycanın idman mətbuatında xüsusi yeri olan qəzetin fəaliyyət istiqamətlərindən bəhs etmiş və yaradıcı kollektivi təbrik ediblər.
Ümumilikdə dövlət proqramlarının icrası ilə bağlı keçirilmiş idman yarışlarının, beynəlxalq və kütləvi tədbirlərin operativ, əhatəli şəkildə qəzetdə işıqlandırılması təqdirəlayiq hesab olunub. Eyni zamanda, paytaxtın rayon gənclər və idman idarələri tərəfindən keçirilən tədbirlər haqqında məlumatların qəzetin səhifələrində yer alması yüksək qiymətləndirilib.
Çıxışlardan sonra qəzetin fəaliyyəti ilə bağlı müzakirələr aparılıb və bir sıra təkliflər irəli sürülüb.

Xəbər 1365 dəfə oxundu.