Markus Eybeger: “Tour d Azerbaidjan”a hazırıq!”
Xəbər verdiyimiz kimi, Fransada keçirilən Beynəlxalq Velosipedçilər Ittifaqının 2.2 kateqoriyalı “Tour de Bretagne” veloyürüşünün 4-cü mərhələsi “Synergy Baku” komandasının üzvü Markus Eybegerin parlaq qələbəsilə başa çatıb. Qeyd edək ki, bu Azərbaycan velosiped komandasının cari mövsümdə artıq ikinci böyük uğurudur – ötən ay Maksim Averin Xorvatiyada təşkil olunan birgünlük “Porec Trophy” turunda analoji nəticəyə imza atmışdı.

“Synergy Baku”da debüt mövsümündə ilk qalibiyyətinə imza atan Markus Eybeger qələbəsini belə şərh edib: “Sevinirəm ki, qələbəm lazım olan vaxta təsadüf etdi.Çünku “Tour d Azerbaidjan” öncəsi bu bizə əlavə gərginlikdən xilas olmaq üçün olduqca vacib idi. Odur ki, Azərbaycan turuna tam hazır olacağıq!”

“Tour de Bretagne”ın 3-cü mərhələsində 5-ci olan Eybeger 4-cü mərhələdəki qalibiyyəti ilə ümumi sıralanmada 7-ci yerə yüksəlib. Bu isə yarışın yekununa əsasən,komandanın daha üst sıralarda qərarlaşması üçün olduqca önəmlidir. Yeri gəlmişkən, “Synergy Baku”nun heyətində Fransada yarışan velosipedçilərdən ikisi – Elçin Əsədov və Metyu Bremmier soyuqdəymə səbəbindən yarışda iştirakını dayandırıb. Məşqçilər korpusu “Tour d Azerbaidjan”da yarışacaq bu velosipedçilərin bərpa prosesi keçməsi üçün onlara istirahət vermək qərarına gəlib.

“Markusun bu qələbəsi alqışa layıqdir” – deyən “Synergy Baku”nun baş meneceri David McQuaid isə ondan “Tour d Azerbaidjan” yürüşündə də uğurlu çıxış gözlədiyini bildirib.

Xəbər 1033 dəfə oxundu.