Bakı-2015 beynəlxalq media konfransına sponsorluq edir
Bakı-2015 Avropa Oyunları Association Internationale De La Press Sportive-in (AIPS) 77-ci İllik Konqresinə sponsorluq edəcəyini qürurla elan edir. İdman.com.az saytı xəbər verir ki, 1924-cü ildə əsası qoyulmuş AİPS beynəlxalq media nümayəndələrinin dünya miqyaslı görüş yeridir və 27 aprel – 1 may tarixləri arasında ilk dəfə olaraq Bakı şəhərində baş tutacaq.

260-dan çox peşəkar jurnalist və media təmsilçisi birlikdə beş gün keçirərək qlobal idman hadisələrini və dünya miqyaslı tədbirlərin işıqlandırılmasında medianın gələcəyini müzakirə edəcək.

Bakı 2015 Oyunlarının təşkilatçıları həmçinin nümayəndələri gələn yay Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıqlar haqqında məlumatlandıracaq.

Nümayəndələri salamlayan Azərbaycan Respublikasının Gənclər və İdman naziri və Bakı 2015 Oyunlarının Baş İcraçısı Azad Rəhimov bildirmişdir: “Bu cür nüfuzlu konfransa evsahibliyi etmək Bakı üçün böyük fəxrdir və bu tədbirə sponsorluq etdiyimiz üçün son dərəcə qürurluyuq.

“Bakı 2015 Avropa Oyunlarının keçirilməsinə bir ildən bir qədər çox bir müddət qaldığı üçün biz səbirsizliklə nümayəndələrə yarışların keçiriləcəyi yerləri və bu günədək gördüyümüz böyük işləri göstərmək istəyirik.

“Bu Konqres həmçinin qonaqlarımıza Bakımızın müasir və dinamik Avropa şəhəri olduğunu nümayiş etdirmək üçün gözəl bir imkandır və mən həyəcanla qonaqların ölkəmizə gəlişini gözləyirəm.”

Bu ilki görüşdə həm də 1924-cü ildə keçirilmiş Paris Olimpiya Oyunlarında təsis edilmiş AİPS-in 90-cı ildönümü qeyd ediləcək.

AİPS sədri Gianni Merlo bildirmişdir: “90-cı ildönümümüzü qeyd etdiyimiz üçün bu ilki Konqres bütün əlaqədar şəxslər üçün xüsusilə yaddaqalan olacaq.

“Birlikdə Bakıya gəlişimiz bizə bu möhtəşəm hadisəni qeyd etmək, o cümlədən növbəti 12 ay ərzində ümumdünya idman həyatının əsas diqqət mərkəzinə çevriləcək yeni bir məkanda gördüyümüz işlərin gələcəyini müzakirə etmək imkanı verəcək.

“Fürsətdən istifadə edərək, tədbirimizə sponsorluq etdikləri və İllik Konqresimizin ölkələrində keçirilməsinə imkan yaratdıqları üçün Azərbaycan Hökumətinə və Bakı 2015 Oyunlarının təşkilatçılarına təşəkkürümü bildirmək istəyirəm.”

Oyunların keçirilməsinə nisbətən az müddətin qaldığı bir zamanda nümayəndələrin həmçinin inşa edilməkdə və yenilənməkdə olan obyektləri görmə fürsəti olacaq.

Xəbər 2413 dəfə oxundu.