Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının 77-ci konqresinin açılış mərasimi keçirilib
Aprelin 28-də “JW Marriott Absheron Baku” mehmanxanasında Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının 77-ci konqresinin açılış mərasimi keçirilib. Mərasimdə 1924-cü ildən fəaliyyət göstərən qurum barədə ətraflı danışılıb.

Qeyd edilib ki, paytaxtımızda təşkil olunan tədbirdə 180 ölkənin nümayəndəsi iştirak edir.

Ardınca Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov konqres iştirakçılarına ölkə prezidenti İlham Əliyevin müraciətini səsləndirib.

Sonra AİPS prezidenti Canni Merlo Azərbaycan prezidenti ilə görüş barədə məlumat verib və idman jurnalistlərinin gələcəyi barədə müzakirələr apardığını deyib. O, təşkilatın 90 illik fəaliyyətindən danışdıqdan sonra ilk dəfə belə yüksək səviyyədə tədbirin keçirildiyini vurğulayıb: “3,5 il öncə bu hüquq Azərbaycana verildikdə bilirdim ki, hər şey çox yaxşı təşkil ediləcək. Bu gün həqiqətən bunun şahidiyik. Hamımız ölkənizin qonaqpərvərliyini bir daha gördük. Bu, gənc jurnalistlərin yetişməsi üçün də yaxşı olacaq”.

Merlonun çıxışından sonra Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxın video-mesajı səsləndirilib.

Ardınca söz gənclər və idman naziri Azad Rəhimova verilib. O, konqresə ev sahibliyi etməyin böyük şərəf olduğunu söyləyib. Rəhimov təşkilatın 90 illik yubileyinə təsadüf edən tədbirin iştirakçılarına ölkəmizin beynəlxalq yarışlara ev sahibliyi etməsindən, idmançılarımızın Olimpiya Oyunlarında, dünya və Avropa, həmçinin digər yarışlarda qazandığı uğurlar barədə məlumat verib: “Azərbaycan idman ölkəsidir. Biz gələn il tarixdə ilk dəfə baş tutacaq Avropa Oyunlarını da keçirəcəyik. Bunu yüksək səviyyədə keçirəcəyimizə inanıram. Bakı sizdə bir sıra təəssüratlar yaradacaq. Paytaxtımızın tarixi abidələrini, idman komplekslərini görmək imkanınız olacaq. Bundan sonra təsəvvürləriniz daha da artacaq”.

2012-ci ildə AİPS-in xətti ilə Bakıda keçirilən “Gənc reportyorlar proqramı”nın videosu göstərildikdən sonra Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) prezidenti Eldar İsmayılov konqres iştirakçılarını paytaxtımızda görməkdən məmnunluq hissi keçirdiyini bildirib. Onun sözlərinə görə, qonaqlar tədbirin gedişatından çox razıdırlar və bu, gələcək nəslin yetişməsinə öz töhfəsini verəcək.

Konqres rəsmi açılışdan sonra öz işinə başlayıb.

Tədbir zamanı Bakı-2015-in də təqdimat mərasimi olub. Burada iştirakçılara yarışa hazırlıq barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, yarışda 6 min idmançı 239 dəst medal uğrunda mübarizə aparacaq. Ümumilikdə 19 idman növü üzrə keçiriləcək Oyunlarda 8 idman növü, 2016-cı ildə Rio de Jeneyroda təşkil olunacaq Yay Olimpiya Oyunlarına lisenziya verəcək.

Sonra Azərbaycanın turizm potensialından bəhs edən videoçarx nümayiş olunub.

AİPS-in Bakı konqresi mayın 1-dək davam edəcək.

Xəbər 966 dəfə oxundu.