Qəbələ Cıdır Kompleksində tikinti işləri sürətlə aparılır

Prezident İlham Əliyev Qəbələ rayonuna səfəri çərçivəsində noyabrın 18-də Cıdır Kompleksində aparılan tikinti işləri ilə tanış olub.
Dövlətimizin başçısı inşaat işlərini əks etdirən stendlərə baxdı.
Diqqətə çatdırıldı ki, Azərbaycan Atçılıq Federasiyasının sifarişi ilə inşa olunan kompleksin tikintisi üçün 40 hektar ərazi ayrılıb. İnşaat işlərinə bu ilin iyulunda başlanılıb. Ərazidə 4,7 min tamaşaçı yeri olan stadion, 1,6 min metrlik yaşıl ot örtüyündən və 1,6 min metrlik narın qumdan ibarət cıdır meydanı tikiləcək. Bundan başqa, kompleksdə yarışları izləmək üçün 80 kvadratmetrlik monitor, 180 at üçün tövlə, jokeylər üçün 15 ev, konkur oyunları üçün açıq və bağlı manejlər, hər biri 2 min yerlik iki tamaşaçı zalı, gəzinti və istirahət parkı, kafe, restoran, xüsusi avtodayanacaqlar inşa olunacaq. Kompleksdə uşaqların at sürməyi öyrənmələri üçün kiçik meydança da tikiləcək.
Prezident İlham Əliyev tikinti işlərinin yüksək səviyyədə aparılması üçün tapşırıq və tövsiyələrini verdi.

AzərTAc

Xəbər 2239 dəfə oxundu.