Astana Arlans – Baku Fires: heyətlər məlumdur
Aprelin 26-da Astana şəhərində Ümumdünya Boks Seriyasının (WSB) yarımfinal mərhələsinin ilk görüşü keçiriləcək. İdman.com.az saytının məlumatına görə, Azərbaycanın “Baku Fires” klubu səfərdə Qazaxıstanın “Astana Arlans” komandası ilə qarşılaşacaq. Cari çempionatda “Baku Fires” və “Astana Arlans” qrup mərhələsində 2 dəfə üz-üzə gəliblər. Qazaxıstanda yerli komanda 4:1, Qubada isə eyni hesabla “Baku Fires” qələbə qazanmışdı.

Komandaların heyətləri artıq məlumdur:

Astana Arlans – Baku Fires

49 kq. Mardan Berikbayev - Xamza Nametov

56 kq. Bağdat Alimbekov – Qairbek Qermaxanov

64 kq. Janibek Ajibay - Heybətulla Hacəliyev

75 kq. Sergey Derevyançenko – Soltan Migitinov

91 kq. Vasili Levit – Abdulqadir Abdullayev

Qazaxıstan klubunun ən tanınan siması ukraynalı Sergey Derevyançenkodur. WSB liqasında 22 döyüşdə qalib gələn Derevyançenko yalnız bir qarşılaşmada məğlub olub. Qeyd edək ki, Derevyançenko ilə Migitinov artıq bir dəfə qarşılaşıblar. 3 il əvvəl liqanın fərdi yarşlarının çempionu olmaq uğrunda döyüşdə milli komandamızın üzvü təcrübəli rəqibinə uduzmuşdu. Ancaq Ukrayna Boks Federasiyası Derevyançenkonun London Olimpiadasına yollanmasına icazə vermədiyindən onun lisenziyası Migitinova təqdim olunmuşdu. Seçmə komandamızın üzvü bu mövsüm 1 görüşə çıxıb və qələbə qazanıb.

Vasili Levit də Astana təmsilçisinin əsas boksçularındandır. Cari mövsümdə 5 dəfə rinqə çıxan qazaxıstanlı boksçu bütün görüşlərini qələbə ilə başa vurub. Levit 1-ci turda Abdulqadir Abdullayevi də məğlub edib.

Qermaxanovun rəqibi olacaq 25 yaşlı Alimbekov da “Astana Arlans”ın təcrübəli boksçularındandır. 2010/2011-ci illər mövsümündən Qazaxıstan komandasının heyətində çıxış edən idmançı 8 qələbə qazanıb. Alimbekov cari çempionatda iki döyüş keçirib və bunların birində qalibiyyət əldə edib. O, 1-ci turda Qazaxıstanda Məhəmməd Qurbanovu üstələmişdi.

Xəbər 1016 dəfə oxundu.