Bakıda Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının 77-ci konqresi keçiriləcək
Aprelin 27-dən mayın 1-dək Bakıda Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (International Sports Press Association - AIPS) 77-ci konqresi keçiriləcək. Bu barədə qərar AIPS-in 2012-ci ildə Avstriyanın İnsbruk şəhərində keçirilmiş 76-cı konqresində qəbul olunub.

AIPS-in Bakı konqresi təşkilatın 90 illik yubileyi ilə eyni vaxta təsadüf edir. Buna görə də beynəlxalq təşkilatın yubiley mərasimi də konqres çərçivəsində paytaxtımızda keçiriləcək.

Bu konqresin Birinci Avropa Oyunlarının təşkili ərəfəsində Bakıda keçirilməsi ölkəmizin təbliği baxımından da mühüm əhəmiyyət kəsb edəcək.

Konqresin yüksək səviyyədə təşkili üçün xüsusi Təşkilat Komitəsi yaradılıb. Konqresin saytında (www.aips2014.az, www.aips2014.com) bütün ölkələrdən gələcək nümayəndələrin qeydiyyatı 2013-cü il dekabrın 18-dən 2014-cü il martın 1-dək davam edib. Bu müddət ərzində 107 ölkədən 250-dən çox nümayəndə və müşahidəçi qeydiyyatdan keçib. Bundan başqa, konqresə bir sıra beynəlxalq idman təşkilatlarından qonaqlar da dəvət olunub.

Bakı konqresi çərçivəsində AIPS-Avropanın hesabat seçki konfransı, eləcə də digər qitələrdən olan qurumların iclasları, həmçinin AIPS komissiyalarının toplantıları da keçiriləcək.

Qeyd edək ki, AIPS 1924-cü ildə Paris Yay Olimpiya Oyunları zamanı təsis olunmuş və həmin ilin iyul ayında 29 milli assosiasiyanın iştirakı ilə ilk konqresini keçirib.

Hazırda AIPS-in 4 kontinental qurumunda (AIPS-Asiya, AIPS-Amerika, AIPS-Avropa və AIPS-Afrika), ümumilikdə, 130-dan çox dövlətin milli idman mediası birləşib.

Xəbər 966 dəfə oxundu.